Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ilk rəsmi xarici səfərini ölkəmizə etməsinin rəmzi mənası vardır. Bu o deməkdir ki, Azərbaycan Respublikası Gürcüstanın xarici siyasətində ən vacib ölkədir, münasibətlər xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Gürcüstanın Şərqə, Gürcüstan isə Azərbaycanın Qərbə açılan qapısıdır. Neft-qaz kəmərləri, nəqliyyat-kommunikasiya vasitələri Gürcüstan ərazisindən keçərək Avropaya gedir. Bizi Gürcüstanla tarix, coğrafiya və ortaq maraqlar birləşdirir.
Mətbuata bəyanatında cənab Prezidentimiz İlham Əliyevin söylədiyi aşağıdakı fikirlər münasibətlərimizin keçmişinin və bu gününün gerçək əks olunması, gələcəyinin sarsılmaz düsturudur:
“Əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. Bu gün də bu, belədir. Dövlətlərarası münasibətlər də yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Təbii olaraq siyasi əlaqələr inkişaf edir. Yüksək səviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Bizi birləşdirən bir çox sərmayə layihələri qeyd etdiyim kimi, böyük coğrafiya üçün önəmlidir. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil.”
Gürcüstan Prezidentinin dedikləri cənab Prezidentimiz İlham Əliyevin dövlət və siyasi xadim olaraq Azərbaycan və Cənubi Qafqaz regionu coğrafiyasının hüdudlarını çoxdan aşdığını, ölkəmizin necə həyati əhəmiyyət daşıdığını göstərir:
“Bu, mənim Gürcüstan Prezidenti kimi ilk xarici səfərimdir. Bu səfərdə Gürcüstanla Azərbaycan arasında strateji və xüsusi mehriban qonşuluq münasibətləri vurğulanır. Bu vəzifəyə seçildikdən sonra tezliklə Azərbaycana səfər etmək mənim üçün vacib idi. Şadam ki, artıq cənab İlham Əliyevlə görüşmək imkanım olub…
Gürcü və Azərbaycan xalqları millətlərimiz üçün həyati əhəmiyyət kəsb edən dəyərlərin qorunması uğrunda mübarizədə bir yerdədir və bundan sonra da birlikdə olacaqlar…
Vurğulamaq istərdim ki, Gürcüstanla Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Buna görə cənab Prezidentə bir daha təşəkkür etmək istərdim. Gürcüstan həmişə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin güclü tərəfdarı olub…
Sizi əmin etmək istərdim ki, Gürcüstan həmişə Cənubi Qafqazda dialoqun, diplomatiyanın, dinc yanaşı yaşamağın tərəfdarı olub və bu kurs gələcəkdə də davam edəcək.”
Musa QASIMLI
Millət vəkili