İyulun sonunda Vaşinqtondan İsveçrə də daxil olmaqla 40 ölkə rəhbərliyinə siqnallar (zəng, mesaj) göndərilməyə başlandı ki, Tramp onlara cəza sanksiyaları hazırlayır. Yəni nəyə görəsə İsveçrə Trampın qəzəbinə düçar olub və o 15 “yaxşı” ölkə siyahısından çıxarılaraq, 40 cəzalanmalı ölkə siyahına daxil edilib. Danışıqlarda iştirak edən İsveçrə nümayəndələri təəccüblənirlər ki, axı hər şey razılaşdırılmışdı, bizə qarşı cəza sanksiyası tətbiq edilməməli idi. ABŞ tərəfdən həmkarları deyirlər ki, bizlik bir şey yoxdur, biz bütün sənədləri, hesabatları, layihələri Trampın masasına qoymuşuq, amma o istədiyini edir – biz ona mane ola bilmərik.
Əlacsız qalan xanım Keller-Sutter məzuniyyətdə olduğu yerdən Trampla telefon əlaqəsi saxlamaq üçün köməklik göstərilməsini xahiş edir. 31 iyulda onlar arasında telefon əlaqəsini təşkil edirlər. Bu danışıqlar zamanı Oval kabinetdə Trampın ətrafında, həmişəki kimi, müşavirləri və Bessent olub. İsveçrə prezidentinin də yanında bir neçə nəfər olub. Yəni danışıqlar şahidlərin yanında baş verib.
Telefon danışığında Tramp deyib ki, bütün əvvəlki razılaşmalar boş şeydir, siz Amerikanı qarət edirsiniz, $38 milyard və s. və i.a. Keller-Sutter titrək səslə izah etməyə çalışıb ki, adam başına düşən idxal məhsulunun məbləğinə görə İsveçrə ABŞ-dan daha çox idxal edir. Sadəcə, İsveçrədə əhali ABŞ-dan 35 dəfə azdır deyə bizdə profisit yaranır; biz ABŞ-a azı $200 milyard investisiya qoyacağıq…
Tramp onun sözünü kəsib ki, mənə dəxli yoxdur, siz soyğunçusuz, sizin banklar müstəqil siyasət aparır, dollarla manipulyasiya edirlər, valyutanız dollara bağlı deyil… Keller-Sutter yenidən arqumentlərlə, konkret rəqəmlərlə öz mövqeyini izah etməyə başlayıb (Trampdan fərqli olaraq, o, danışıqlara hazırlıqlı gəlib). O danışdıqca Tramp əsəbiləşməyə, özündən çıxmağa başlayıb… Bu zaman Keller-Sutterin yanında olan iqtisadiyyat nazirinə Trampın yanındakılardan sms gəlib: “Söhbəti bitirin, yoxsa daha da pis olacaq”. (?!)
Trapın yanında olan hər kəs anlayırdı ki, Keller-Sutter haqlıdır, telefon danışıqları zamanı deyilənlərin hamısı ən kiçik detallarına qədər 3 ay ərzində araşdırıb və razılaşdırılıb, heç bir sual qalmayıb, amma Trampın sözü qarşısında söz deməyə heç kim cürət etmirdi. Bir sözlə, əsl dem!
Asif ŞƏFƏQQƏTOV