Müstəqillik dövründə Azərbaycanda təhsil sahəsində ardıcıl islahatlar elan olunsa da, bu islahatlar elmi təminat olmadan həyata keçirilib. Bu, təkcə bir inzibati boşluq deyil, bu, bütövlükdə ölkənin insan kapitalı strategiyasını zəiflədən, uzunmüddətli inkişafı ləngidən, institutlaşmanı pozan təhsilin sistem xarakteli, fundamental problemidir.
Təhsil islahatı- istənilən dövr üçün, sadəcə qərar vermək və icra etmək deyil. Bu, bir elmi model, analitik konsepsiya, sınaq mərhələsi, ekspert müzakirəsi və metodoloji baza tələb edən çoxmərhələli ciddi prosesdir. Əgər bu mərhələlər yoxdursa, nəticə də olmaz, olan nəticə isə təhsil nazirinin də etiraf etdiyi kimi “tərsinə qurulan təhsil sistemi” olar.
Bu gün Azərbaycan təhsilində baş verən vəziyyət belədir: islahatlar düşünülmədən, elmi əsasları olmadan, düzgün layihələnmədən başlayır, sistemsiz gedir, uğursuz nəticələnir. Sonda isə geriyə baxıb “harada səhv etdik?” sualını verməyə, ya da əvvəlki nazirləri qınamağa başlayırıq. Halbuki, bu sual hər islahatdan əvvəl verilməli idi, sonra yox.
1. Elmi təminatı olmayan islahatlar niyə uğursuz olur?
Elmi bazası olmayan islahat – təsadüfi qərarlar deməkdir. Bütün uğurlu islahatlar (Sinqapurda, Estoniyada, Finlandiyada, Koreyada v.s. ölkələrdəki təhsil islahatları) geniş elmi araşdırmaların, modeli əvvəlcədən test edilmiş pilot layihələrin üzərində qurulub. Azərbaycanda isə proses əksinə aparılıb: əvvəl qərar verilib, sonra nəticələrə görə yazılı izahlar, şərhlər, ən yaxşı halda etiraflar olur. Belə yanaşma təhsil islahatını elmi proses olmadan sırf idarəetmə aktına çevirir.
Təhsil islahatı seyr etməklə və ya intuisiya ilə aparıla bilməz. Təhsil — iqtisadiyyatın ən mürəkkəb, multidissiplinar, kapitaltutumlu sahəsidir. Bu prosesdə pedaqogika, psixologiya, sosiologiya, informasiya texnologiyaları, iqtisadiyyat, kognitiv elmlər, süni intellekt və data analitikası kimi sahələrin hər birinin iştirakı var. Belə mürəkkəb sahədə elmi təminat olmadan islahat aparmaq qeyri-peşəkarlığın institusionallaşması, naşılıqın zirvəsidir. Təəssüüf ki, bizim təhsil islahatları heç vaxt təhsil elmlərinə əsaslanmayıb.
Elmi təminatsız islahat təhsildə sistemli xaosa səbəb olur. Ona görə də bizdən fərqli olaraq bir çox ölklərdə təhsil islahatları elmə əsaslanır. Təhsil islahatlarının elmi təminatı olmayanda nə baş verir? Bu halda aşağıdakı zəncirvari təkrarlanan səbəb-nəticə əlaqələri özünü göstərir: strategiya yoxdursa, səbəbsiz qərarlar çoxalır, model yoxdursa, qiymətləndirmə sistemi dağılır, pilot mərhələ elmsizdir, keyfiyyətsizdirsə (bəzən də heç yoxdur), səhvlər ölkənin bütün məktəblərinə yayılır, təhlil yoxdursa, uğursuzluqların səbəbi bilinmir, data yoxdursa, qərarlar real vəziyyəti əks etdirmir (məsələn repetitorların nailiyyəti konkret məktəblərin adına yazılır, universitetlərin zəifliyi səbəbindən 8000 nəfərin müəllim sertifikasiyadan kəsilir v.s.).
Tədqiqat yoxdur sa, sistem illərlə eyni səhvləri təkrar edir. Bu səbəblərdən Azərbaycan təhsil sistemi unikal şəkildə belə təsvir oluna bilər: islahatlar çoxdur, nəticələr yoxdur (daha doğrusu əks nəticə var, tərsinə qurulan təhsil sistemi kimi)
2. ETN etiraf etdiyi reallıq: Sistem “tərsinə qurulub”
Son illərdə ETN rəsmiləri etiraf edir ki, ölkədə təhsil sistemi tərsinə qurulub. Bu ifadə, əslində, bütöv bir sistem probleminin ən qısa və dürüst təsviridir.
Tərsinə qurulan təhsil nə deməkdir? Tədqiqat yoxdursa, deməli strategiya yoxdur. Strategiya yoxdursa, model yoxdur. Model yoxdursa, doğru pilot layihə yoxdur. Doğru pilot layihə yoxdur, amma ümumi, kütləvi tətbiq başlanır. Ümumi tətbiq uğursuz olur, yenidən təkrar islahat elan edilir (məsələn, 30 ildir dərsliklərdən şikayətlənirik, amma yenə də keyfiyyətli dəsrslik yaza bilmirik).
Təkrar islahat yenə də tədqiqat olmadan başlanılır, zəncirvari səvh dövrü olaraq təkrarlanır, sistem dəyişmir, nəticə vermir. Bu eyibli dairə, dövr 30 ildir davam edir. İllər və pullar gedir, təhsil sistemi, insan kapitalı çökür.
Bu vəziyyət təhsildə idarəetmə, qeyri peşəkarlıq və strateji boşluq problemidir, təhsil siyasətinin dərin böhranıdır. Çünki, təhsilə elmi yanaşma yoxdur.
3. Təhsil elmləri təhsil sisteminin bünövrəsi, həm də ən zəif bəndidir.
Dünyanın inkişaf etmiş ölkələrində təhsil sistemi elmi tədqiqat institutları olmadan mövcud ola bilməz. Məsələn, ABŞ-da Harvard Graduate School of Education, Stanford GSE, Columbia Teachers College, Avropada OECD Education Directorate, Cambridge Faculty of Education, Utrecht & Helsinki modelləri, Asiyada Koreya Təhsil Araşdırmaları İnstitutu (KEDI), Sinqapur Milli Təhsil İnstitutu (NIE) v.s.
Azərbaycanda isə səhvən düşünürlər ki, təhsil “idarəetmə sənəti”dir, istənilən sahənin menecerləri burda islahat apara bilər, uğur qazana bilər. ETN və agentliklərin insan kapitalı ilə yaxından tanışlıq, bu seçimə məsuliyyətsiz yanaşmanı ortaya qoyiur.
Təhsil islahatlarında olan səhvlərin kökündə həm də qüsurlu kadr siyasəti durur. Necə deyərlər, dərd bir deyil, iki deyil, təhsildə hər tərəfli böhran var. Elmi təminatın yoxluğu da burdan qaynaqlanır. Ölkədə yeganə təhsil tədqiqat mərkəzi olan ARTİ-nin çökdürülməsi buna missal ola bilər. Əslində isə belə elmi tədqiqat mərkəzləri təhsilin hər pilləsi üçün ayrılıqda yaradılmalıdır.
Təhsil müxtəlif sahələrin kəsişməsində duran elmi və praktik fəaliyyət sahəsidir. Ölkədə təhsil elmləri olmadan təhsil islahat aparmaq, torpağın tərkibini bilmədən toxum səpmək kimidir.
Azərbaycan təhsilinin ən böyük problemi təhsil tədqiqatlarının yoxluğudur. Hazırda Azərbaycanda milli miqyaslı pedaqoji tədqiqatlar üzrə elmi məktəbləri yoxdur, təhsil elmləri üzrə müasir laboratoriyalar yoxdur, milli metodologiya yoxdur, uzunmüddətli elmi proqramlar yoxdur, təhsil datalarının analitik mərkəzi yoxdur. Beynəlxalq tədqiqatlarda iştirakımız zəifdir, təhsil elmləri üzrə qrant sistemi mövcud deyil. Belə şəraitdə islahatlardan nəticə gözləmək sadəlövh yanaşmadır.
4. ETN tədqiqatların sifarişçisi olmalıdır — amma əksini edir
Bir çox ölkələrdə təhsil nazirlikləri iki əsas funksiyanı daşıyır: təhsil siyasətinin hazırlanması və elmi tədqiqatlara sifarişçi olmaq. Yəni nazirlik özü tədqiqat və layihə icra etmir, layihələr və tədqiqatlar üçün qrant ayırır, müsabiqələr elan edir, universitet və institutlara sifarişlər verir, nəticələri də ctəhsil siyasətinə inteqrasiya edilir.
ETN isə tədqiqatlara nə sifariş verir, nə qrant ayırır, nə də elmi mərkəzlərdən istifadə edir. AMEA-nın yubiley tədbirində ölkə prezidenti tədqiqatların müxtəlif mənbələrdən maliyyələşməsi zərurətini xüsusi vurğuladı.
Bu işdə ilk addımı məhz ETN atmalı, digər qurumlara nümunə göstərməlidir. Amma heç nə etmir, çünki, bu sahədə elmə ehtiyac duymur. Niyə? Çünki, qeyri peşəkarlıq pik həddindədir, elmin əhəmiyyətini hələ də düzgün qiymətləndirə bilmirlər. Bunun nəticəsində qərarların elmi əsası yoxdur, islahatlar təsadüfi olur, modellər kopyalanır, lakin uyğunlaşdırılmır, sistem daxili analitika sıfır səviyyəsində qalır. Bu yanaşma sadəcə səhv yox, strateji təhlükədir, çünki ölkənin gələcəyini zəiflədir.
5. Nə edilməlidir? Elmi əsaslandırılmış, real həll paketi hazırlanmalı və təqdim edilməlidir.
Təhsil üzrə Milli Tədqiqat və Analitika Mərkəzi yaradılmalıdır. Məqsəd təhsil datalarının toplanması və analizi, pilot layihələrin hazırlanması, tədqiqatların sifarişi, siyasət sənədlərinin ekspertizasının aparılması olmalıdır.
ETN-nin şəffaf, obyektiv, səmərəli və nəticəvi illik qrant proqramları təsis etməlidir.
İllik büdcəsi məktəb problemlərinin elmi təminatı üçün minimum 20 milyon manat, universitet problemlərinin elmi təminatı üçün minimum 30 milyon manat həcmində olmalıdır. (unutmayaq ki, yeni yaradılan Kutaisi Beynəlxalq Universitetinin yaranmasına az vaxtda bir neçə milyard avro investisiya qoyulub, yəni, bu gün təhsil çox kapitaltutumludur).
Qrant layihələri istiqamətləri də düzgün müəyyən edilməlidir, ETN verdiyi qrantlar da mənasız mövzuarda olur, icra da səmərəsiz (çünki, dpostlara paylanır, problem həllinə yönəlmir). Qrant layihələri istiqamətləri olaraq: kurikulum dizaynı, qiymətləndirmə modelləri, pedaqoji innovasiyalar, EdTech, süni intellekt və təhsil, müəllimlərin inkişafı, ali təhsildə keyfiyyət təminatı, universitetlərin rəqəmsallaşdırılmasının elmi-metodik məsələləri, ali təhsilin rəqəmsallaşama yetkinliyinin monitorinqləri, distant təhsilin tətbiqinin elmi təminatı v.s. ola bilər.
Təhsil islahatları yalnız elmi model təsdiqləndikdən sonra başlamalıdır.
Təhsil islahatı bu mərhələlər üzrə aparıla bilər: problemin elmi təhlili, konseptual modelin yaradılması, pilot layihənin yaradılması (1–2 il), analitik qiymətləndirmə, milli müzakirə, ümumi tətbiq. Bu vaxta qədər bizim islahatlarda bu mərhələlərdən heç biri yoxdur.
Təhsil elmləri üzrə yeni elmi məktəblər, beyin Mərkəzləri yaradılmalıdır.
Son 10 ildə ARTİ-nin amansızcasına çökdürülməsi böyük strateji səhv idi. Gec də olsa, ölkədə təhsil elmləri üzrə müxtəlif istiqamətli elmi məktəblər yaradılmalıdır. Məsələn: pedaqogika 4.0, kognitiv elmlər, Sİ-pedaqogika, təhsil data analitikası, tədqiqat metodologiyası 4.0 v.s.
ETN öz mövqeyini dəyişməli, korporativ potensialını gücləndirməli (əgər buna qadirdirsə), təhsil elmlərini nəhayət ki, öyrənməlidir. ETN-nin prioriteti publik PR tədbirləri, təşviqat videoları, formal hesabatlar, manipulyativ reytinqlər yox, elmi analitika olmalıdır.
Təhsil islahatının və təhsilimizn gələcək taleyi onun elmi təminatından asılıdır. Azərbaycan təhsilinin inkişafı üçün ən vacib şərt onun elmi təminatın bərpasıdır. Əgər bu təminat olmazsa, ölkə eyni səhvləri təkrarlamağa davam edəcək.
Təhsil islahatı əvvəl düşünülməli, sonra icra edilməlidir, sonda deyil. Elmi baza, analitika və sistemli tədqiqatlar olmadan aparılan hər bir islahat — dövlət üçün baha başa gələn köklü səhvdir.
Bu gün islahatların deyil, islahatların elmi təminatının müzakirəsi başlanmalıdır.
ETN buna hazırdırmi?
İlham Əhmədov, dosent


