Yağış yağırdı, işə getmək üçün taksi sifariş etmək istəyirdim. Nə sirdirsə, yağışlı havalarda nəqliyyat da yaxşı işləmir, yollarda tıxaclar da həmişəkindən betər olur. Lakin bu yaxınlarda Bolt taksi xidməti ilə bağlı baş vermiş hadisə yadıma düşəndə əlimi bir anlığa saxladım. Sonra “Allaha təvəkkül” deyib sifariş düyməsini basdım.
Maşın qonşuların maşınlarına görə naqolay zəncirlənmiş darısqal küçəmizə girməyib xeyli aralıda dayanmışdı. Çətir açmağa tənbəllik etdiyimdən yağışın altında bir qədər piyada getməli oldum. Maşına çatanda pəncərəni açdı, başını mənə uzadıb nəsə deyən sürücüyə irad bildirməyə başlamışdım ki, onun cavan qadın olduğunun fərqinə vardım. Gözlərimə inanmadım, amma yenə də soruşdum ki, “sifariş etdiyim sürücü sizsiz?” Təsdiqdən sonra belə səksəkəli halda maşına əyləşdim, hələ də taksi ilə işə getmək qərarımın düzgün olub-olmadığını fikirləşirdim.
Maşını saxladığı yerdən cızılmadan, nə də o biri maşınlara toxunmadan, qarşıdan gələn maşına da yol verib (kişi sürücü qadın sürücüyə yol verməkdənsə) prospektə çıxdı. Onun bu məharətini görəndən sonra sakitləşdim. Beləcə, Bolt-un 3 qadın sürücüsündən birinin – Aydanın taksisində işə getdim.
Yolu çox nümunəvi sürdü, zolaqlarda piyadaları sayğı ilə gözlədi, qürurla dedi ki, siqaret çəkmir, nəşə çəkmir, içki içmir, söyüş söymür, hər üç aydan bir keçirilən sınaqlardan 5 qiymətlə çıxır, yəni, sürücülüyü peşəkarcasına edir, ya etmir, nəsə belə bir imtahan.
Onu da əlavə etdi ki, təkdir, uşaqlarını anası ilə böyüdür. Sürücülüyü uşaqlıqdan sevdiyi üçün taksi xidmətini seçib. Həm də ona görə ki, uşaqlarını dərsə, repetitora, məşqlərə, dərnəklərə sürdüyü maşından istifadə etməklə apara bilir. Daha yollarda vaxtı itmir, yorulmurlar, gecikmirlər, nəfəslərini qaçdı-qovdu ilə almırlar və s. üstünlüklərindən xeyli irəli düşdüyünü söylədi. Dedi ki, irəli düşsə də səhərdən axşama kimi işləyir, hətta istirahət günü belə olmur, çünki uşaqlarını böyütmək üçün pul, bunun üçünsə durandan yatana kimi işləmək lazımdır.
Bütün suallarıma təmkinlə “bilirsiz, niyə belədir?” və ya “bilirsiz, niyə belə olub?” ətraflı izahat verməkdən yorulmurdu, söz sözü gətirirdi, mövzudan mövzuya keçirdi, ətrafımızda baş verən hadisələrə münasibət bildirirdi. Yanlış ya düzgün, məsələ onda deyildi, onun hər məsələyə öz fikri vardı və fikrini bildirməkdən çəkinmirdi.
Məni uzun bir yolla mənzil başına çartdırdı. Yolda soruşdum ki, niyə belə uzun yolu seçmisiz? Dedi ki, “istəyirəm Bakının görmədiyiniz küçələrini də görəsiniz”. Dedim ki, “mən Bakıda böyümüşəm. Bakını tanımaya billmərəm”. Dedi ki, “Siz heç zaman Bakını tanıyıb bitirə bilməzsiniz”. Sonra əlavə etdi ki, qüsurlarına baxmayaraq Bakını çox sevir, bu şəhər onu böyüdüb və onunla bərabər böyüyüb, onunla da qocalacaq. Çalışır ki, müştərilərini də sifarişdən istifadə edib Bakı boyunca gəzdirsin, şəhəri onlara da sevdirsin. Arada önündəki güzgüdən mənə boylanıb danışırdı. Onun gözlərindəki parıltını, həyat eşqini, sabahına inamını həyatının eniş-yoxuşları belə poza bilməmişdi. Mənə elə gəldi ki, o, yadplanetlidir, bizim yaşadığımız dünyadan yuxarıdadır, bizə də ordan baxır. Nə qəribə qadın idi. Deyəsən ona hətta qibtə də etdim. Birdən ürəymdən keçdi ki, Aydanla şəkil çəkdirim. İlk dəfə idi ki, sürücü ilə şəkil çəkdirmək istədim. Deyəsən o, da ilk dəfə idi ki, müştərisindən belə gözlənilməz təklif alırdı. Elə bil ki, kövrəldi də. Bəlkə, sadəcə bir müştərinin sürücüyə xoş rəftarı ona çox kiçik xoşbəxt an bağışlamışdı? Əvvəlcə etiraz etdi, dedi ki, “siz üzünüzə əl gəzdirmisiz, makiyaj, saç, amma mən gündəlik iş görkəmindəyəm, utanıram”. dedim ki, “mən də sizin kimi bu gün təbii görkəmimdəyəm və bundan sıxılmıram”. Nəzakətli israrımı görüb, amma yenə də təvazökarlıqla əlini üzünə dayayıb təbəssümlə telefonun kamerasına baxdı.
Çıqq və bir kadrla bir azərbaycanlı qadın haqqında qısametrajlı film çəkildi.
Bu yaxınlarda verilişimdə qonağım olmuş bir həmkarım müsahibəsinin sonunda dedi ki, biz adi, sıravi insanlar haqqında niyə yazmayaq ki? Baxırsan ki, çəkməçidir, aşpazdır və ya bənnadır, amma elə dolu düşüncəli adamdır ki, onunla elə hey danışmaq, dinləmək istəyirsən. Məncə, sürücü Aydan da belələrindən idi.