Birləşmiş Millətlər Təşkilatı yenilənməlidir

İkinci  Dünya Müharibəsinin doğurduğu qırğın və fəlakətlərin acı nəticələrini görüb dərk edən insanlar 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatını təsis etdilər ki, bir daha insanlığa və insan haqlarına zidd olan belə qarşıdurmalara yol verilməsin və mümkün qədər sülhə, əmin–amanlığa nail olunsun. Son 68 il ərzində dünyamızda hökm sürən “nisbi sakitlik“ bunu təsdiq edir və bu işdə BMT-nin rolunu danmaq olmaz. Lakin, bu gün BMT-nin fəaliyyətini qənaətbəxş hesab etmək olarmı? Məncə, yox! Çünki, bir sıra obyektiv və subyektiv səbəblərdən BMT öz nizamnamə funksiyalarını yerinə yetirə bilmir və getdikcə öz nüfuzunu itirməkdədir. Bəzi arqumentlərə və faktlara nəzər salaq.

Hamımızın bildiyi kimi, bütün hallarda inhisarçılıq (monopolizm) pislənir.  İnkişaf etmiş qabaqcıl dövlətlərin əksəriyyəti antiinhisar qanunlar qəbul etmişlər və bu qanunlar, mövcud şəraitlə bağlı olaraq getdikcə daha da sərtləşdirilirlər.  Antiinhisar qanunlar təkcə bir ölkə çərçivəsində qalmayıb, inteqrasiya proseslərinin artdığı indiki halda, beynəlxalq təşkilatlarda və transmilli şirkətlərdə də tətbiq edilir.

Bəs nə üçün, belə olan halda, dünyamızın siyasi səhnəsində inhisarçılıq hökm sürməlidir? Məgər Birləşmiş Millətlər Təşkilatı adlandırılan beynəlxalq təşkilat dünya siyasətində inhisarçılıq deyildirmi? Axı sağlam təfəkkür və sağlam məntiq göstərir ki, BMT adlandırılan bu beynəlxalq qurum bəzi hallarda güclü dövlətlərin təsiri altına düşdükdə obyektivlikdən uzaq, həqiqətə ləkə salan və bəzi hallarda isə qərəzli qərarlar qəbul edir. BMT-nin inhisarçı olaraq belə qərarlar qəbul etməsi onun məram və məqsədlərinə ciddi zərbə vurur. Bu isə olduqca ziyanlı və yolverilməzdir.

Öz funksional təyinatını yerinə yetirə bilməyən əşya (qurğu, cihaz, maşın və s.) keyfiyyətsiz hesab edildiyi halda, nə üçün BMT  də  belə hallarda keyfiyyətsiz və yararsız hesab edilməsin?! Hər hansı bir əmtəə keyfiyyətsiz olduqda öz alıcısını itirdiyi halda, nə üçün qərəzkarlıq edən BMT öz nüfuzunu itirməməlidir? Əgər paralellər aparsaq görərik ki, bu günki BMT 50-60 il bundan əvvəlki BMT deyildir və o həm quruluşca, həm də qərarların keyfiyyətinə və onların icrasına görə xeyli dərəcədə pisliyə doğru dəyişmişdir. Hesab edirəm ki, bunun da ilkin səbəbi onun inhisarçı mövqe tutması ilə bağlıdır. Yəni, “əlinin üstündə əl yoxdur” deyə, güclü dövlətlərin buyurduqlarına baş əyməkdən çəkinmir və bu da beynəlxalq səviyyədə “ikili standartların” yaranmasına gətirib çıxarır.

Ağasəf İMRAN

İqtisadçı alim

Bizimlə oxuyun
Verified by MonsterInsights