Bir tikə çörək bir külçə qızıldan artıqdır

  Çörək dünyada ən çox sevilən, yayılan və istehlak edilən ən əhəmiyyətli qidadır. Çörəyin bütün insanların bu dünyada yaşaması üçün su ilə birlikdə ən vacib olan qida olduğunu desək yanılmarıq. Bu qidanın tarixi 12.000 il əvvələ gedib çıxır. Tarixən insanların yer üzündə məskunlaşmasından sonra taxıl yetişdirməyə və ondan qida kimi istifadə etməyə başladığı təxmin edilir.  Daha doğrusu, çörəyin forması və texnikası dəyişsə də, bu gün bütün dünyada tanınır, istehsal olunur və istehlak olunur. Demək olar ki, çörək bütün bəşəriyyətin ümumi yeməyidir. Çörək əsasən, buğda unundan hazırlanır. Buğdada olan bütün qidalar çörəkdə də var. Bəzi qidalanma mütəxəssisləri çörəyin ən böyük faydasının içində yox, məhz qabığında olduğunu bildirirlər. İddialara görə, bişirmə prosesi zamanı çörəyin qabığında kolon xərçənginin qarşısını almağa kömək edən yüksək səviyyədə antioksidantlar yaranır. Çörəkdə, xüsusilə də tam buğda və çovdar çörəyində, B vitaminləri (B1, B2, B6) və fol turşusu, maqnezium, fosfor və dəmir kimi minerallar var. Bu vitamin və minerallar sinir sistemi, dəri sağlamlığı və əzələ funksiyaları üçün vacibdir.

     Çörəyin insan orqanizminə bir çox faydası olmasına baxmayaraq, müəyyən növlərinin sağlamlığa mənfi təsirləri də var. Xüsusilə də emal edilmiş, çoxlu şəkər, yağ və ağ un əlavə olunan çörəklər daha az faydalı və zərərli ola bilər. Deyilənlərə görə, çörək yüksək miqdarda karbohidrat ehtiva edir və çox istifadə edildikdə də kilo almağa səbəb ola bilir. Ağ çörək isə sürətli həzm olunduğu üçün daha tez aclıq hissi yaradır və bu da həddindən artıq yeməyə səbəb ola bilir. Məsləhətdir ki, tam buğda unundan, yəni kəpəyi ələnməmiş buğda unundan hazırlanmış çörəklərdən istifadə edək. Onda daha faydalı olar.

Çörəyin qədrini bilməliyik, çünki aclıq ilində bir tikə çörək, bir külçə qızıldan artıqdır.

Esmira RƏHİMOVA

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights