Bir saat ərzində aktiv olacaq bilet sistemi tətbiq ediləcək

 ELAZ.İNFO xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev ölkə prezidenti cənab İlham Əliyevin avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təkmilləşdirilməsinə dair fərmanından irəli gələn məsələlərə dair keçrilən brifinqdə söyləyib ki, “ictimai nəqliyyatda tam nağdsız sistemə keçiddən sonra yeni tarif menyusunun tətbiqi mümkün olacaq”.

Anar Rzayev vurğulayıb ki, “Hazırda sərnişin bir avtobusdan digərinə keçid zamanı əlavə olaraq 50 qəpik ödəməyə məcbur qalır ki, bu da əlavə xərclərə səbəb olur. Hədəfimiz bir saat ərzində aktiv olacaq bilet sistemini tətbiq etməkdir. İlkin mərhələdə planımız budur. Lakin nəzərə almaq lazımdır ki, avtobuslar hər yerdən hər yerə hərəkət etmir, sərnişinlər əvvəlcə hablara daşınır, sonra digər istiqamətlərə yola düşür. Bu səbəbdən vətəndaş hazırda iki dəfə ödəniş etməli olur”.

Bakıda texniki xüsusiyyətlər baxımından nağdsız ödəniş aparatının quraşdırılmasına imkan verməyən avtobusların olmadığını qeyd edən A.Rzayev bildirib ki, “Bizə lazımdır ki, operatorlar yeni avtobuslar gətirsinlər. Biz müsabiqə keçirək, onlar qalib gəlsinlər və nəticədə həmin nəqliyyat vasitələrində bu aparatları quraşdıra bilək. Yeni fərman isə şübhəsiz ki, bu prosesi sürətləndirəcək”.

Günel GÜNTAC

Bizimlə oxuyun
Verified by MonsterInsights