ElAZ.İNFO xəbər verir ki, Rusiya teatr mühitinin ən nüfuzlu simalarından biri, RAMT-ın baş rejissoru və “Praktika” teatrının bədii rəhbəri Marina Brusnikina özünün 65 illik yubileyini qeyd edir. Yubiley ərəfəsində verdiyi müsahibədə o, yaradıcılıq enerjisinin sirrini və XVII əsrin klassikası ilə müasir dövrün kəsişməsini şərh edib.
Brusnikina eyni vaxtda həm teatr rəhbəri, həm rejissor, həm də müəllim kimi fəaliyyət göstərməyin çətinliyindən yox, gözəlliyindən danışıb: Mənim peşəm xoşbəxtlikdir. Tələbələrin istedadı və gəncliyi məni ruhlandırır, onlardan enerji alıram, deyə rejissor bildirib. Onun üçün RAMT, MHAT Məktəb-studiyası və “Praktika” arasında seçim yoxdur; harada yeni tamaşa hazırlanırsa, diqqət mərkəzi oradır.
Rejissorun hazırda üzərində işlədiyi ən böyük layihə Pyer Kornelin “İllüziya” pyesidir. Brusnikina bu klassik əsərin müasir dövrlə səsləşdiyini vurğulayır:
Nəsillər arası münaqişə, övladların valideyn iradəsinə qarşı öz ayaqları üzərində durmaq istəyi XVII əsrdə olduğu kimi, bu gün də aktualdır. Tamaşanın rəssamı Nana Abdraşitova səhnədə XVII əsr teatrının illüziyasını yaradıb. Bu, tamaşaçını real dünyadan uzaqlaşdırıb xəyallar aləminə aparacaq bir komediya olacaq. Maraqlıdır ki, indiyə qədər yüzlərlə əsərə quruluş verən Brusnikina hələ də məşhur dramaturq Bertolt Brextin pyeslərinə müraciət etməyib. Rejissor etiraf edir ki, dərslərində Brext metodologiyasından (tamaşaçı ilə birbaşa ünsiyyət və personaja çevrilmə) tez-tez istifadə etsə də, onun pyesləri hələ də gözləmə siyahısındadır.
Ruslan MƏMMƏDOV