Azərbaycan milli mətbuatının əsasları 1875-ci ildə ziyalı və maarif xadimlərindən Həsən bəy Zərdabi tərəfindən qoyulub. Onun nəşr etdirdiyi “Əkinçi” qəzeti təkcə informasiya vasitəsi deyil, həm də milli oyanış rəmzinə çevrilmişdir. Bu qəzet cəmiyyətin maariflənməsində, milli kimliyin formalaşmasında, milli şüurun yüksəlməsində böyük rol oynamışdır. Bu il iyulun 22-də 150 illiyi qeyd olunacaq bu zəngin və şərəfli keçmiş həm Azərbaycanın, həm də bütün türk dünyasının mətbuat irsinin parlaq nümunəsidir.
Bu gün Azərbaycan mətbuatı müasir dövrün tələblərinə cavab verən, informasiya təhlükəsizliyini təmin edən, ictimai rəyə təsir edən, milli maraqları müdafiə edən güclü platformaya çevrilib. Ona görə də 150 illik yubileyin qeyd olunması təkcə keçmişə nəzər salmaq deyil, həm də gələcəyə yönəlmiş yol xəritəsidir.
Bu mənalı yubileyin qardaş Türkiyədə də qeyd olunması son dərəcə müsbət təşəbbüsdür. Bu tədbir həm də Türkiyə ilə Azərbaycan arasında son illərdə intensivləşən və 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsindən irəli gələn media əməkdaşlığına güclü töhfə verəcək. Şuşa Bəyannaməsinin maddələrinə uyğun olaraq iki ölkə arasında informasiya mübadiləsinin gücləndirilməsi və Türkiyə-Azərbaycan Media Platformasının yaradılması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan milli mətbuatının 150 illik yubileyinin Türkiyədə keçirilməsi təklifi də məhz bu məqsədlərə xidmət edir.
Qeyd edək ki, 44 günlük Vətən Müharibəsində Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında Türkiyə mətbuatının xüsusi rolu olub. TRT, Anadolu Agentliyi və digər KİV-lər Ermənistanın təxribatlarını, işğal həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırıb, informasiya müharibəsində Azərbaycanın yanında olublar. Bu, həm qardaşlıq münasibətlərinin təzahürü, həm də informasiya sahəsində ümumi strategiyanın uğurla həyata keçirilməsi idi.
Mətbuat təkcə xəbər yaymaq vasitəsi deyil, həm də ictimai rəyin formalaşmasında, milli dəyərlərin təbliğində əvəzsiz qüvvədir. Media cəmiyyətin güzgüsü olmaqla yanaşı, dövlətlərarası münasibətlərin möhkəmlənməsində də mühüm rol oynayır. Bu gün Türkiyə və Azərbaycan mediası arasında qarşılıqlı əməkdaşlıq daha sistemli və məqsədyönlü şəkildə həyata keçirilir.
Türkiyə-Azərbaycan Media Platformasının təşkil etdiyi birgə tədbirlər və forumlar hər iki ölkənin media mütəxəssislərinin bir araya gəlməsinə şərait yaradıb və qarşılıqlı təcrübə mübadiləsini təşviq edib. Azərbaycan mətbuatının 150 illik yubileyinin Türkiyədə qeyd olunması bu platformanın fəaliyyətinin təbii davamı ola bilərdi. Bu cür tədbirlər həm də birgə informasiya strategiyalarının hazırlanmasını və regionda ümumi media dilinin formalaşmasını sürətləndirə bilər.
Bu yubiley münasibətilə Türkiyədə təşkil olunacaq forumlar, sərgilər, konfranslar və birgə media layihələri iki ölkənin ictimai rəyi arasında ortaq tarixi və mədəni dəyərlərin daha dərindən tanınmasına töhfə verəcək. Bundan başqa, Azərbaycan mətbuatının inkişaf prosesi Türkiyə cəmiyyətinə təqdim oluna, ortaq tarixi irs daha da təbliğ oluna bilər.
Azərbaycan milli mətbuatının 150 illik yubileyinin Türkiyədə qeyd olunması təkcə tarixi əhəmiyyət kəsb etmir, həm də strategiya və informasiya baxımından mühüm təşəbbüsdür. Bu, Türkiyə-Azərbaycan media əməkdaşlığının yeni mərhələyə keçməsinə, media sektorunda birgə fəaliyyətin genişləndirilməsinə və iki ölkə arasında qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə mühüm töhfə verə bilər.
Rəsul MİRHƏŞİMLİ