Bir gecənin ağırlığı

Dünya çoxdan belə gərgin bir gecə yaşamamışdı. Donald Trump tərəfindən səsləndirilən ultimatum və İrana yönələn sərt bəyanatlar bir anda təkcə regionu deyil, bütün planeti psixoloji təlatümə saldı. Bu artıq adi siyasi qarşıdurma deyildi. Bu, nəzarətdən çıxarsa qlobal fəlakətə çevrilə biləcək bir ssenarinin başlanğıcı kimi qəbul olundu.

Bu gərginliyin mərkəzində isə dünya iqtisadiyyatının ən həssas nöqtələrindən biri olan Hörmüz boğazı dayanırdı. Hər kəs anlayırdı ki, bu dar keçidin bağlanması yalnız region ölkələrinin deyil, Avropadan Asiyaya qədər bütün iqtisadi sistemin sarsılması deməkdir. Neftin bahalaşması isə zəncirvari şəkildə bütün malların qiymətinə təsir edir və sosial narazılığı artırır.

Məhz bu səbəbdən beynəlxalq təzyiqlər sürətlə artdı. Nəhayət Pakistanın baş naziri Şahbaz Şərif vasitəçiliyi ilə 14 günlük atəşkəsə razılıq verildi. Bu razılaşma sülhün qələbəsi kimi yox, vəziyyətin nəzarətdən çıxmasının qarşısını almaq üçün verilmiş məcburi fasilə kimi qiymətləndirildi. Eyni zamanda İrana tətbiq olunan bəzi sanksiyaların yumşaldılması və neft satışına imkan yaradılması gündəmə gəldi. Bu addım həm bazarda qiymətlərin kəskin artmasının qarşısını almağa, həm də Hörmüz boğazı üzərindən keçən tankerlərin təhlükəsiz hərəkətini təmin etməyə hesablanmış bir balans addımı idi.

Həmin gecə Tehran başqa bir səssiz dram yaşayırdı. Yayılan məlumatlara görə İran rəhbərliyi insanlara müraciət edərək bu gecənin “Şamı-Qəriban” gecəsi olduğunu bildirdi. İşıqların söndürüləcəyi və istəyənlərin şəhəri tərk edə biləcəyi qeyd olundu. Bu sözlər sadəcə çağırış deyildi. Bu, təhlükənin real olduğunu hiss etdirən bir mesaj idi.

Eyni vaxtda Avropada da narahatlıq açıq hiss olunurdu. İtaliyanın baş naziri Giorgia Meloni ölkəsinin enerji təhlükəsizliyini nəzərə alaraq Hörmüz boğazında qalan tankerlərlə bağlı vəziyyətin həlli üçün hətta riskli şəraitdə İrana getmək niyyətini ifadə etdi. Bu addım böhranın nə qədər real və həyati xarakter daşıdığını açıq göstərdi.

Bu gün küçələrdə müxtəlif fikirlər səslənir. Kimisi bunu qələbə kimi təqdim edir. Kimisi isə sadəcə müvəqqəti sakitlik hesab edir. Amma həqiqət ondan ibarətdir ki, bu 14 gün nə sonluqdur, nə də həll. Bu yalnız böyük dalğanın qarşısında yaranmış qısa bir sükutdur.

Tarix dəfələrlə göstərib ki, belə gərginliklər bir anda yox olmur. Onlar ya sülhə çevrilir, ya da daha böyük toqquşmaların başlanğıcı olur.

Bu səbəbdən hamını düşündürən bir sual qalır. Bu sükut doğrudanmı başlanğıcdır, yoxsa fırtınadan əvvəlki son sakitlik?

Avtandil SADIQOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights