Bir çox sözlər arxaik sözlər bəhanəsilə dilimizin lüğət tərkibindən çıxarılır

 Hər bir dilin  inkişafı üçü, onun zəngin lüğət bazası olmalıdır. Bu lüğət bazası isə, əsrlərdən gələn sözləri ehtiva etməli və müasir günümüzdə yaranan və əxz edilən sözlərlə zənginləşməlidir.Dilçilərimizə sualım belədir: – Bizim, əsrlərdən gələn lüğat bazamız varmı?

Əgər yoxdursa onu kim yaratmalıdır? Nə üçün ədəbiyyatçılar Homerdən üzü bəri dünya klassiklərinin əsərlərini tərcümə edib belə bir zəngin baza yaratdıqları halda, alimlərimiz və elm xadimlərimiz, klassik  dahi alimləri (Arximedi,  Sokratı, İbn Sinanı, Qalileyi, Koperniki, Nyutonu və  b.) və onların bəşəriyyətə xidmət edən elmi əsərlərini bu günə kimi dilimizə tərcümə edib xalqımıza çatdırmayıblar? Nə üçün bizim adamlarımız bu dahilərin əsərlərini əcnəbi dillərdə oxumalıdırlar?

Axı, bu dahilərin əsərlərinin dünənki və bu günkü tərcümələri gələcək nəsillər üçün gözəl bir baza ola bilər. Onların varlığı, həmçinin, dilimiz üçün zəngin bir baza və xəzinə ola bilər.  Bu özü də, dilin zənginləşməsinə təkan verən bir amil deyildirmi? Bəzi hallarda isə tamamilə tərsinə olan amillərin şahidi oluruq. Belə ki, dilimiz üçün yeni orfoqrafiya lüğətləri tərtib edilərkən bir çox sözlər arxaik sözlər bəhanəsilə dilimizin lüğət tərkibindən çıxarılırlar.  Nə üçün?  Məgər, onların lüğətdə qalması  dilimizə xətərmi gətirir? Əsla yox! Əksinə, həmin sözlər dilimizin qədimliyinin və zənginliyinin atributu deyilmi?

PS. Heç öz alimlərimizin ərəb, fars, rus dillərində yazdıqları elmi əsərlər xalqımıza çatdırılmayıbsa, bunun adı nədir?!

 

Ağasəf İMRAN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir