Biləsuvarda Günərzi Qayğı Mərkəzinə ehtiyac var

Prezident İlham Əliyevin “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli Sərəncamı qeyd olunan insanlara reabilitasiya yönümlü sosial xidmətlərin göstərildiyi mərkəzlərin sayının dəfələrlə artırılmasına imkan verib. Sənədə əsasən, sosial xidmətlər sahəsində yeni istiqamətlər kimi, ayrı-ayrı kateqoriyalar üzrə yeni mərkəzlər də yaradılacaq.

Sərəncamla xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılıb.

Bu əsasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri üzrə müvafiq sahələrdə ixtisaslaşmış QHT-lər tərəfindən cari ildə ölkəmizin şəhər və rayonlarında daha 30 günərzi qayğı və 36 icma əsaslı sosial reabilitasiya mərkəzi yaradılmaqla, bu kimi mərkəzlərin sayı 50-dən 116-ya çatdırılacaq.

Xüsusi qayğıya ehtiyacı olan şəxslərin çoxsaylı müracətlərini nəzərə alaraq bildirmək istəyirik ki, Biləsuvar rayonunda keyfiyyətli günərzi mərkəzin vacibliyinə ehtiyac var. Biləsuvar rayonunda bu sahə üzrə ixtisaslaşmış nə bir dövlət, nə də ki, özəl müəssisə yoxdur. Günərzi qayğı mərkəzi əslində uşaqların uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi daşıyır. Bunu nəzərə alaraq, çoxsaylı müraciətlər əsasında bu məsələni işıqlandırmağı borc bildik.

 

Natəvan BƏYDİLİ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir