Bəs əslində kim idi Məşədi Göyüş?

ELAZ.İNFO

Çar Rusiyası, Azərbaycan Cümhuriyyəti və bolşevik hökumətə qarşı döyüşən Məşədi Göyüş

Rejissor Rasim Ocaqovun ilk filmi olan və 1974-ci ildə nümayiş etdirilən “Qatır Məmməd”-də maraqlı bir obraz var. Məşədi Göyüş (Məşədi Göyüş Musa oğlu).

Qeyd edim ki, bu film xalq şairi Zeynal Xəlilin “Dağlar oğlu” pyesi əsadında çəkilib. Təbii ki, dəyişiklər və əlavələrlə. Pyesdə Göyüş kişi Qatır Məmmədin əmisi və həm də qayınatasıdır, sadə kəndlidir. Filmdə isə tamam başqa cür veriblər.

Bəs əslində kim idi Məşədi Göyüş?

1875-ci ildə Goranboy rayonunun Şadılı kəndində tacir Musanın evində dünyaya gələn Məşədi Göyüş uşaq yaşlarından Qacar xanədanının üzvü olması barədə məlumatlı olub. Ömrünün sonuna qədər də Qacarlarla sadiq olub. Özünü bu nəsildən hesab etdiyi üçün kəndin ağasının sözündən çıxır və buna görə yüzbaşı (polis kapitanı) ilə əlbəyaxa olur. Onu söydüyünü görür və əlindəki dəhrə ilə onu öldürür və Mollavələdli kəndinə qaçır.

Kiçik dəstə ilə sistemə qarşı mübarizə aparır, lakin həbs edilir. Əmiləri də həbsdə olur və Sibirə sürgün edilir. 1917-ci ildə Sibirdən sürgündən qayıtmış, 70 nəfərdən ibarət dəstə düzəltmiş, mübarizəni davam etdirmişdir. Cümhuriyyət illərində Məşədi Göyüşün dəstəsi Qatır Məmmədin təklifi ilə onlara qoşulur və qeyri formal dəstənin rəhbəri və ağsaqqalı olur.

Onun silah atmaqda və hədəfi düz vurmaqda tayı-bərabəri olmadığı, at üstündə çevik hərəkət etdiyi deyilir. Goranboyun Ballıqaya, Başqışlaq tərəflərində, yəni dağlıq və meşəlik ərazilərini bildiyi üçün nə Çar hökuməti, nə də Azərbaycan Cümhuriyyətinin əsgərləri nə də sonradan qurulan bolşevik hərəkatı onu ələ keçirə bilmirdi. Deyilənə görə, o, atını elə nallatdırarmış ki, izi tərsinə düşsün – bu yolla izləyənləri çaşdırarmış.

Yerli xalqın əfsanələrinə inansaq O, hər hansı bir kəndə daxil olanda, kəndin yaşlıları ona “xəbərçi” funksiyasını yerinə yetirir, rus kazaklarının harada olduğunu və nə vaxt gələcəklərini öncədən ona çatdırırdılar. Məşədi Göyüş də öz növbəsində, kəndin varlılarının yığdığı taxılı və ya pulu götürüb ehtiyacı olanlara paylayır və beləcə “təşəkkürünü” bildirirdi.

Məlumat üçün deyim ki, Çar dövründə xalqın qəhrəmanı sayılsa da Azərbaycan Cümhuriyyətinə qarşı mübarizəsi müsbət qəbul edilmir tədqiqatçılar arasında.

Qacar dövlətini qəbul edən şəxs olduğu üçün həm Çar Rusiyası həm Müsavat hökuməti həm də Sovet hökumətinə qarşı döyüşüb. Ola bilər ki, ilkin olaraq silaha sarılanda, həqiqətəndə qarşılaşdıqları ədalətsizliyə üsyan edib Məşədi Göyüş, ancaq sonraki fəaliyyətlərinə baxanda xalq qəhrəmanı kimi qəbul edilməsini düzgün hesab etmirəm. Milli hökümətə qarşı döyüşmək qəhrəmanlıq sayılmır.

1920-ci il Gəncə üsyanının fəal iştirakçısı və tanınmış qaçaq Məmmədqasımın adamları tərəfindən öldürülüb.

Zaur Əliyev

Prof.Dr.

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights