Belə vəziyyət nəyə səbəb olur?

Ukraynada ən müasir müharibə gedir. Təkcə ona görə yox ki, orada ən yeni hərbi taktika, texnika və texnologiyalar istifadə olunur – bu öz yerində, lakin növbəti müharibələrin də belə olacağını demək olmaz. Bu müharibənin əsas özəlliyi hərbi taktika, texnika və texnologiyaların çox sürətlə dəyişməsidir. Hazırda döyüşlər nəinki 2022-ci ildəki, hətta 2024-cü ildə ildəki kimi aparılmır.

Gəlin, müasir müharibənin özəlliklərinə daha diqqətlə baxaq.

2 min ildən çoxdur müharibələrdə düşmənin ön və arxa xətləri haqda məlumat kiçik (2-5 nəfərlik) kəşfiyyat-diversiya qrupları (KDQ) vasitəsilə toplanırdı. Bu üsulun xüsusiyyətləri:

▪️KDQ böyük risklə girirdi – onlar düşmən tərəfindən aşkar edilərək, öldürülə və ya əsir götürülə bilərdilər;

▪️KDQ müəyyən marşrut üzrə hərəkət edir və yalnız bu marşrut ətrafından məlumatlar toplaya bilirdi;

▪️KDQ düşmənin nəzarət etdiyi tərəfin çox dərinliklərinə gedə bilmirdi;

▪️KDQ əsasən gecələr hərəkət edirdi deyə topladığı məlumatlar təxmini və ya yanlış ola bilərdi;

▪️KDQ-nin məlumatları komandanlığa təqdim etdiyi zaman həmin məlumat aktual olmaya bilərdi (məsələn, hansısa texnikanın yerləşmə koordinatları).

Bu müharibədə kəşfiyyat, əsasən, kosmik peyklər və dronlar vasitəsilə aparılır. Bu üsulun üstünlükləri:

▪️Kəşfiyyat aparan tərəf əməliyyat zamanı canlı qüvvə itirmək riski daşımır;

▪️Peyklər düşmən zonanın yüz kilometrlərlə, dronlar – on kilometrlərlə dərinliyində bütün obyektlər və canlı qüvvə (hətta texnikanın növləri və sayı, canlı qüvvənin sayı və s.) haqqında dəqiq məlumat toplaya bilir;

▪️Kəşfiyyat müəyyən marşrut üzrə yox, sahəvi aparıla bilir;

▪️Kəşfiyyat fasiləsiz rejimdə aparıla bilir;

▪️Kəşfiyyat məlumatları on-layn rejimdə komanda məntəqəsinə ötürülür.

Təkcə bu yenilik döyüş taktikasını tam dəyişib. Çünki bütün hərbi əməliyyatlar meydanı tamamilə şəffafdır. Hər tərəf digərinin nə və necə etmək istədiyini əvvəlcədən bilir. Buna görə də bu müharibədə:

▪️Gözlənilməz hücum əməliyyatı olmur (“Boru” əməliyyatları istisna olmaqla – məhz ona görə ki, əməliyyat yerin altında aparılmışdı);

▪️Tank döyüşləri olmur;

▪️Təyyarə döyüşləri olmur;

▪️Böyük qüvvə ilə hücum olmur.

Əvvəlki müharibələrdə artıq aforizmə çevrilmiş bir fikir var idi – qələbənin 50%-i gözlənilməz hücumdur. Gözlənilməz hücum zamanı kiçik qüvvə ilə böyük hərbi birləşməni məğlub etmək mümkündür, çünki gözlənilməz zərbə əks tərəfdə panikaya səbəb olur, ordu isə nizamı ilə güclüdür. Nizamsız ordu nə qədər böyük olsa da uduzmağa məhkumdur. Bəs panika nədən yaranır? Hücum gözlənilməz olduğundan düşmən haqqında məlumatın (sayı, texnikası və s.) olmamasından. İnsan psixologiyası isə elə formalaşıb ki, dəqiq məlumatı olmadığı təhlükəni həmişə şişirdir. Bu da panikanın (şişirdilmiş qorxunun) səbəbidir.

Buna görə də müharibə sənətinin ən vacib qolu məhz gözlənilməz hücumun təşkil edilməsi üçün hiylə düşünmək idi (canlı qüvvə və ya texnikanın hərəkətini gizlətmək, gecələr hərəkət etmək, başqa istiqamətlərdə yalançı hücumlar təşkil etmək və s.). Tarixən ən məşhur sərkərdələr məhz bu bacarığına görə yadda qalıblar. İndi bunların heç birini gizlətmək mümkün deyil, hətta gecələr də həm canlı qüvvənin, həm də texnikanın hərəkəti izlənilir.

Düşmən hücumunun istiqaməti, hücumda iştirak edən canlı qüvvənin, texnikanın sayı və tərkibi əvvəlcədən məlum olduğu üçün etibarlı və optimal müdafiə təşkil etmək olur. Yəni əgər hücum edən tərəf haqqında dəqiq məlumat varsa, müdafiəyə optimal sayda qüvvə və texnika cəlb etməklə başqa döyüş bölgələrini zəiflətməmək mümkündür.

Bu səbəbdən indi II DM-dəki kimi ordu, diviziya, briqada, alay, batalyon, tabor və hətta taqımla hücum olmur. Heç manqa (10 nəfərlik birləşmə) ilə də hücum olmur. Çünki belə hücumların böyük itkilərlə nəticələməsi, lakin döyüş tapşırığının yerinə yetirilməməsi ehtimalı çox yüksəkdir.

Əvvəlki müharibələrdə tank döyüşləri ona görə baş verirdi ki, düşmən tərəf sürətli tank hücumunun qarşısını, əsasən, tank əks-hücumu ilə ala bilərdi. Əvvəllər tank düşməni yalnız qarşısında gözləyirdi. Buna görə də tankın ən güclü zirehi onun ön tərəfində olurdu. Yan tərəfləri nisbətən zəif zirehlə, arxa və üst tərəfləri isə zirehsiz hazırlanırdı, çünki düşmən əvvəlki silah növləri tankı arxa və üst tərəflərdən vura bilməzdi. İndi isə piyadaların daşıdığı NLAW raketləri tankı öndən vurmur, tanka çatandan sonra şaquli şəkildə enərək düz lyuk hissəsindən vurur. Lakin NLAW da artıq köhnəlmiş silah sayılır. İndi ondan daha ucuz, daha asan idarə olunan və daha etibarlı dronlardan istifadə olunur. Dronla isə tankı istənilən nöqtəsindən vurmaq mümkündür.

Belə olan halda tankı hər tərəfdən güclü zirehlə təmin etmək olmazmı? Xeyr. Çünki müasir tank zirehi çox bahalı materialdır. Zirehin artması həm tankın maya dəyərini, həm də kütləsini kəskin artırar. Kütləsi artan tank üçün loqistika məsələlərində çoxsaylı problemlər (daşınma, körpülərin və digər kommunikasiyaların dözümlülüyü və s.) yarana bilər, həmçinin belə tankın manevrliliyi azalır, palçıqda batma ehtimalı artır, mühərrikinə böyük güc düşür, yanacaq sərfi artır və s. Hətta bu qədər xərcə razılaşmaqla tank istehsal edilsə də onun effektivliyi yenə sual altında qalacaq – zirehi güclü olan tankı dronla partlatmaq mümkün olmazsa, tırtılından vurmaqla hərəkətsiz etmək olar. Bundan sonra isə həmin tankı adi artilleriya ilə məhv etmək olar.

Təyyarə döyüşlərini niyə görmürük? Peyklər və dronlar bütün hərbi aerodromları izləyirlər. Təyyarə havaya qalxan kimi onun hansı raketlə silahlandığı və hansı istiqamətdə uçduğu müəyyən olunur və məlumat onlayn rejimdə komanda məntəqəsinə ötürülür. Dərhal səyyar HHM sistemləri onları qarşılamağa hazırlaşır. Yəni təyyarəyə qarşı səmaya təyyarə qaldırmağa ehtiyac yoxdur. Yaxşı kəşfiyyatı və HHM sistemi olan tərəf üçün təsir zonasına keçən düşmən təyyarəsi vurulmaya bilməz. Buna görə də bu müharibədə təyyarələr düşmən tərəfin HHM sistemlərinin raketlərinin uçuş radiusuna daxil olmurlar, yəni təyyarələr ön xətdən 20-50 km arxada fəaliyyət göstərirlər.

Faktiki olaraq, qırıcı təyyarə anlayışı yoxa çıxıb, təyyarələr pulemyotdan istifadə etmirlər. Bombardmançı təyyarə anlayışı da yox çıxıb, çünki aviabombanı atmaq üçün təyyarə düşmən ərazisinə girməlidir. İndi qırıcı təyyarələr yalnız ön xətdən arxadan hava-yer, hava-dəniz raketlərini və ya idarəolunan aviabombaları atmaqla kifayətlənirlər.

Müasir zamanda tanklar və təyyarələr əvvəlki taktika üzrə yalnız texnoloji cəhətdən geri qalmış ölkəyə qarşı tətbiq oluna bilər.

Belə vəziyyət nəyə səbəb olur?

Davamı var…

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights