Belə görünür ki, terrorun əsl motivi və killer gizlədiləcək

10 sentyabrda ABŞ-da Çarli Körk öldürüldü. Onu kimin öldürməsi hələ də sirr olaraq qalır və belə görünür ki, terrorun əsl motivi və killer gizlədiləcək. Lakin mən bu haqda yox, onunla bağlı başqa hadisədən yazmaq istəyirəm.

21 sentyabrda Arizonada State Farm Stadium-da Körkin anım mərasimi keçirildi. Tədbirdə iştirak etmək üçün Körkin yaratdığı Turning Point USA təşkilatının saytında əvvəlcədən 200 mindən artıq adam qeydiyyatdan keçmişdi. Lakin stadion 73 min yerlikdir. Stadionun ətrafında da onminlərlə adam toplaşmışdı.

Tədbirdə ABŞ prezidenti, vitse-prezidenti, konqresmenlər, nazirlər, milyarderlər iştirak edirdi.

Az qala bütün dövlət rəhbərliyinin iştirak etdiyi tədbirin təhlükəsizliyinin necə təmin edildiyini təsəvvür edə bilərsiniz. Tədbir qapalı məkanda keçirildiyinə görə, aydındır ki, oraya buraxılan hər bir adam ən ciddi şəkildə həm fiziki, həm də sosial şəbəkələrdən yoxlanılıb. Onlarla başqa təhlükəsizlik tədbirləri də görülüb, yəqin.

Lakin bütün bunlara baxmayaraq, çıxış üçün qurulmuş səhnə və tamaşaçılar arasında gülləkeçirməz şüşə divar qoyulmuşdu!

Mən indiyəcən qapalı məkanda keçirilən heç bir tədbirdə səhnə ilə tamaşaçılar arasında şüşə qoyulduğunu görməmişdim.

Bu nəyin əlamətidir?

Aydındır ki, prezidentin təhlükəsizlik xidmət(lər)inin qapalı məkana silahlı adam buraxması mümkün deyil. Əgər stadiona belə adam buraxılarsa, bunu yalnız təhlükəsizlik xidmət(lər)i bilərəkdən edə bilər, yəni xəyanət (sui-qəsd) ola bilər.

Bu hadisə göstərir ki, Tramp öz təhlükəsizlik xidmət(lər)inə tam etibar etmir. Məncə, haqlı olaraq.

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights