Belə getsə, döyüləcək

Reket necə işləyir? Reketçi gəlir bir şirkətin sahibinin yanına, deyir ki, məsələn, hər ay mənə $10 min verməlisən, yoxsa ziyan görəcəksən. Şirkət sahibi deyir ki, mən qanunla işləyirəm, sizə heç nə verə bilmərəm, siz də mənə heç nə edə bilməzsiniz – ölkədə qanun-qayda var. Reketçi “yaxşı” deyib uzaqlaşır. Sakitcə uzaqlaşmasa və əl-qol atmağa çalışsa, şirkətin mühafizəsi onu yaxşıca əzişdirə də bilər… Lakin 1-2 gün sonra şirkətin bur anbarında yanğın baş verir, şirkətə $300 min ziyan dəyir.

5 gün sonra həmin reketçi yenə şirkət sahibinin yanına gəlir və bu dəfə ondan aya $15 min istəyir. Şirkət sahibi yenə imtina edirsə, 2-3 gün sonra daha 2 anbarı yanır…

Bundan sonra hadisələr arasında məntiqi əlaqəni quran və ölkədə qanun-qaydanın əslində olmadığını anlayan şirkət sahibi reketçinin 3-cü, uzağı 4-cü gəlişində onun şərtlərini qəbul etməyə məcbur olur.

İndi dünyada da belədir. Beynəlxalq qanunlar işləmir. ABŞ və İsrail də hər gün bir dövlətə “tas” qoyur. Tramp Venesuelaya deyir ki, neftini mənə verməlisən, İrana deyir ki, hakimiyyətində mənim adamım olmalıdır, Livana deyir ki, Hizbullahı tərksilah eləməlisən, Çinə deyir ki, məndən arxada getməlisən, Hindistana deyir ki, Moskvadan neft almamalısan və s. və i.a. Yoxsa, sizinçün pis olacaq.

Dünən də Əfqanıstana deyib ki, Baqram hava limanını mənə verməlisən, yoxsa peşman olacaqsan. Əfqanıstan 2021-ci ildə bu reketçini şillə-təpiklə ölkəsindən qovmuşdu. Aydındır ki, indi yenidən ora hərbi qüvvə göndərməyə cürət etməz, amma əsl reketçi kimi ona ziyan vura bilər – məsələn, gözlənilmədən ölkənin nazirlər kabineti iclas zamanı raket zərbələrinə məruz qala bilər…

Məncə, belə getsə, ABŞ bir gün möhkəm döyüləcək.

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights