Dünən ABŞ-İsrail cütlüyü xəyanətkar terror əməliyyatı həyata keçirtdi. Qeyd edim ki, belə əməliyyatlar ABŞ-İsrail tandemi üçün artıq ənənəyə çevrilib.
-03.01.2020. Qasım Süleymaninin öldürülməsi. O vaxt İran İraqda İŞİD-lə mübarizədə ABŞ-la əməkdaşlıq edirdi, daha doğrusu, İranı bu mübarizəyə ABŞ dəvət etmişdi. ABŞ-la əməkdaşlıqda Süleymani İran tərəfdən məsul şəxs idi. Buna görə də o, İraqda havadan təhlükəsiz olduğuna əmin idi – İraqda havadan zərbə endirmək imkanına yalnız ABŞ malik idi. Lakin Tramp həmişəki kimi sözünün üstündə durmadı. Faktiki olaraq Süleymani tələyə salınaraq öldürüldü (o, İraqa ABŞ nümayəndələri ilə görüşmək üçün getmişdi).
-31.05.2024. HƏMAS-ın Siyasi Bürosunun sədri İsmayıl Haniyənin öldürülməsi. O, İsraillə danışıqlarda HƏMAS danışıqlar qrupunun rəhbəri idi. Tehranda öldürüldü. Qətər dərs götürməli idi, amma Britaniya və ABŞ kimi “krışa”larına arxayın idi.
-27.09.2024. Hizbullahın lideri Həsən Nəsrullahın öldürülməsi. NYT-nin məlumatına görə, ölümündən bir neçə gün əvvəl ABŞ və Fransa nümayəndələri ona İsrail ilə 21 günlük atəşkəs təklifi vermiş və buna Netanyahunun da razı olduğunu bildirmişdilər. Nəsrullah təklifi qəbul etmişdi. Nəticədə İsrail Beyruta aviahücum edib, Nəsrullahın və tərəfdarlarının zirzəmisinə toplaşdığı çoxmərtəbəli yaşayış binasına cəmi 80 ton olan aviabombalar atmış və onlarla adamı, o cümlədən bina sakinlərini öldürmüşdü.-13-24.06.2025. 12 günlük İsrail-İran müharibəsi ABŞ-İran danışıqları zamanı baş verdi. İran əmin idi ki, danışıqlar bitməyincə müharibə başlamayacaq, çünki İsrail ABŞ-ın razılığı və dəstəyi olmadan müharibəyə başlamaz… Tramp ABŞ-la danışıqlarda sərt mövqe göstərən hər kəsin artıq o dünyada olduğunu sevinclə bildirdi.
-09.09.2025. Tramp İsrailə və HƏMAS-a Qəzzada atəşkəs təklifi irəli sürür. HƏMAS prinsipial razılığını verir və atəşkəsin şərtlərini müzakirə etmək üçün Dohada (Qətər) toplaşır. Qətər bunu ABŞ-ın xahişi ilə təşkil etmişdi. Toplantıda HƏMAS Siyasi bürosunun sədri Xalid Maşal, HƏMAS-ın Qəzza zolağındakı lideri Xəlil əl-Həyya, üzvü Zahir Cəbrin və başqaları iştirak edir. Müşavirə gedən zaman İsrail təyyarələri oranı bombalayır. Hələlik İsrail tərəfi toplantı iştirakçılarının öldüyünü, Qətər tərəfi sağ qaldığını bildirir.
Bu tələnin planı İsrail-ABŞ xüsusi xidmətləri tərəfindən 1 ay ərzində hazırlanmışdı. İsraildən Dohaya 1800 km məsafə var. Təyyarələr bir dəfə yanacaq doldurmaqla bu məsafəni gedib-gələ bilməzlər, eniş olmasın deyə onlar havada təkrar doldurulmalıdırlar. ABŞ-ın Yaxın Şərqdə ən böyük aviabazası Qətərdə Dohanın yaxınlığında yerləşən Əl-Udeyd bazasıdır. Həmin gün bu bazadan aviatankerlər qalxıb, İsrail təyyarələrini havada yanacaqla doldurur və geri qayıdırlar.
Aydındır ki, aviatankerlər ABŞ prezidentinin razılığı olmadan İsrail təyyarələrinə xidmət edə bilməzdilər. Terror hadisəsinin baş verməsinə bir neçə dəqiqə qalmış Tramp Qətər şeyxinə zəng edib əməliyyatın başlandığını və əməliyyatı dayandırmaq imkanının olmadığını bildirir.
Əməliyyatdan sonra Netanyahu əvvəl deyir ki, ABŞ əməliyyat haqda məlumatlı idi, bir neçə saat sonra isə deyir ki, hər şey bizlikdir, ABŞ-a aidiyyəti yoxdur.
Tramp da bir status yazır ki, suveren ölkənin ərazisini bombalamaq yaxşı iş deyil, amma HƏMAS-ın liderlərini öldürmək yaxşı işdir. Mən onlara xəbərdarlıq etmişdim ki, İsrailin səbri ilə oynamasınlar, axırı yaxşı olmaz. Biz Qətərlə dostuq, bundan sonra belə halların baş verməməsinə çalışacağıq.
Bu ilin mayında Qətər ABŞ-a $1,2 trilyon investisiya qoyacağı, $42 milyardlıq silah alacağı barədə razılaşma imzalamışdı. Hələ üstəlik Əl-Udeyd aviabazasının modernizasiyasına $10 milyard investisiya qoymağı öhdəsinə götürmüşdü. Həmin aviabaza ki, Qətəri qorumaq əvəzinə ona qarşı əməliyyata kömək etmişdi.
Qətər həmişə Britaniya və ABŞ-ın çətiri altında olub. Bu hadisə ABŞ-la bərabər Britaniyanın da nüfuzuna güclü zərbə vurdu. Artıq Yaxın Şərqdə Britaniyaya da heç kim etibar etməyəcək.
Körfəz ölkələri bundan sonra ABŞ-a vəd etdikləri trilyonlarla investisiyanı qoymamağa, ABŞ-dan silah almamağa çalışacaq, perspektivdə ABŞ hərbi bazalarından azad olmağa çalışacaqlar. Çünki bu bazalar onların özləri üçün real təhlükə mənbələridir. Son illərin hadisələri göstərir ki, ABŞ heç bir vədinə, imzaladığı müqavilələrə, beynəlxalq qanunvericiliyə əməl etmir. Rüşvət də Trampın “başını” müalicə etmir. ABŞ ərköyün uşağının hər terrorçu kaprizinə nəinki göz yumur, hətta onu bütün vasitələrlə dəstəkləyir.
Deməli, yaxın 5 ildə ərəb ölkələrinin Çin, Rusiya və İran ilə yaxınlaşacağını, dollar dövriyyəsindən çıxacağını, Rusiya, Çin silahları alacaqlarını, hətta ölkələrində onların hərbi bazalarının yaradılacağını görəcəyik. ABŞ onsuz da Yaxın Şərqdən çıxmalı idi. Bu hadisə prosesi sürətləndirəcək. Bundan sonra Qərb ölkələri (yəni Britaniya və Fransa da) Yaxın Şərqdə yalnız nüfuz və mövqe itirəcəklər.
ABŞ və İsrail isə 1-ci imperiyası, 2-ci dövləti üçün qəbir qazır.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi