“Belə tapşırılıb”…qırılmalar

O, bu ölkənin qanunlarını kitabdan əvvəl vicdanında oxumuşdu. Maddələri əzbər bilməkdən daha artıq bir şey idi onun üçün hüquq, ədalətin canlı nəfəsi, dövlətin onuru, vətəndaşla hakimiyyət arasındakı sonuncu körpü idi. Zabit idi, amma eyni zamanda hüquqşünas. Silahı nizam-intizam, qalxanı qanun, dayaq nöqtəsi vicdan idi. O, qanundan kənar addımı düşmən gülləsi qədər təhlükəli sayırdı.

Xidmətdə olduğu illər ərzində heç vaxt “belə tapşırılıb” ifadəsini qanunun üstünə qoymadı. Bilirdi ki, qanunsuz əmr icra olunmur, qanunsuz istək isə cavabsız qalmalıdır. Bu mövqeyi ona rahat həyat vəd etmirdi, amma ləyaqətli həyat qazandırırdı. Rəhbərini də məhz bu duruşuna görə ideal bilmişdi, elə sanmışdı ki, kreslonun arxasında oturan adam da qanuna onun qədər hörmət edir.

İllərlə sədaqətlə çalışdı. Qaranlıq məqamlarda işığı qanundan tapdı, çətin qərarların altına qorxmadan imza atdı, amma heç vaxt ədalətsizliyin altına qol çəkmədi. Dost qazanmırdı bəlkə, amma dövlət üçün təhlükəli səhvlərin qarşısını alırdı. Bunu hamı anlamazdı, amma hüquqşünas zabit anlayardı ki, susmaq bəzən cinayətdir.

Gün gəldi, bu mövqenin əvəzini ödəməli oldu. Qanunun dediyini deyən dili kimlərinsə planını pozdu. Qanun maddəsi birilərinin marağına toxundu. Və o andan etibarən ideal bildiyi rəhbərin səsi dəyişdi. Əvvəl xəbərdarlıq kimi pıçıltılar gəldi, sonra “yuxarıdan narazılıq var” deyildi, ən sonda isə açıq böhtanlar dövrəyə buraxıldı. Qanuna sadiqlik “problemli xarakter” adlandırıldı, prinsipiallıq “itaətsizlik” kimi təqdim olundu.

Onu günahlandırmaq üçün cinayət tapılmadı, ona görə də niyyət uyduruldu. Fakt yox idi, şayiə vardı. Sənəd yox idi, söz vardı. Hüquqşünas zabit üçün bundan ağır cəza ola bilməzdi. Çünki o, bilirdi ki, hüququn ən böyük düşməni savadsızlıq yox, bilərəkdən edilən haqsızlıqdır.

Bir gün bir cümlə ilə kənara çəkildi. Nə hüquqi əsas göstərildi, nə də müdafiə haqqı tanındı. O, qanunun necə pozulduğunu maddə-maddə görürdü, amma bu dəfə özü obyekt idi. Həmin an ilk dəfə anlayırdı ki, ədalətsizliklə üz-üzə qalan insanın susması nə qədər ağırdır. Lakin yenə də qanundan kənara çıxmadı. Mübarizəni də qanunun içində apardı. Çünki o, qanunu yalnız oxumurdu, ona inanırdı.

İçində qırılmalar vardı. Uzun gecələr, susqun səhərlər, cavabsız suallar… Amma ümidsizlik yox idi. Çünki hüquqşünas zabit bilirdi ki, gecikən ədalət bəzən zülmdür, amma tam itmiş ədalət olmur. Tarix boyu qanunları tapdalayanlar adlarını itirib, qanuna sadiq qalanlar isə gec də olsa haqqını alıb.

O, bu gün vəzifəsiz ola bilər. Amma vicdansız deyil. Kənardadır, amma kənara atılmış deyil. Qanuna sədaqəti onu tək qoysa da, başıuca saxlayır. Çünki qanunla yaşamaq çətindir, amma qanunsuz yaşamaq şərəfsizdir.

O inanır ki, bu dövlət bir gün yenə hüququ xatırlayacaq. Və o gün gələndə, səssiz qalanların niyə susduğunu, danışanların isə niyə yalan söylədiyini hər kəs anlayacaq. Zabit-hüquqşünas isə yenə eyni yerdə olacaq, qanunun yanında.

Əli İbrahimov

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights