Site icon

BƏƏ petroyuana keçməyə məcbur olacağını bildirib

BƏƏ artıq bunu ABŞ-a qarşı şantaj kimi istifadə edir: svop olmasa…

ELAZ.İNFO xəbər verir ki, Körfəz şeyxləri ABŞ-dan dollar svopu təqdim etməyi xahiş (tələb) edirlər. Bu xəbəri The Wall Street Journal öz səhifələrində paylaşıb. Bu xəbəri aydınlaşdırmaq üçün körfəz ölkələrində baş verən siyasi-iqtisadi hadisələrə nəzər salaq.

Məlumdur ki, 1974-cü ildən indiyəcən petrodollar sistemi mövcuddur. Bu sistem dolların ən populyar beynəlxalq mübadilə valyutası kimi qalmasına və bunun sayəsində ABŞ-ın dünyada hegemonluq etməsinə əsas olub. 2024-cü ildən petrodollar sistemi de-yure ləğv olunsa da de-fakto hələ də mövcuddur.

Bu sistem necə işləyirdi?

Şeyxlər nefti, sonralar həm də qazı, neft və qaz emalı məhsullarını yalnız dollara satırdı. Bunlar dünyada ən çox alınan məhsullar olduğundan bütün ölkələrdə dollara tələbat yaradırdı. Təbii ki, dünyada enerjidaşıyıcılarına tələbat artdıqca dollara da tələbat artır. Dollara tələbatı kim ödəyir? Əlbəttə ki, ABŞ. Yəni dollara tələbat artıqca ABŞ onun emissiyasını (çapını) artıra, dollar satışı ilə dolana bilər.

Şeyxlərin başqa öhdəlikləri də var idi: onlar neft-qaz satışından əldə etdikləri vəsaitin qalan hissəsini ABŞ iqtisadiyyatına investisiya kimi qoymalı, trejeris və ABŞ şirkətlərinin səhmlərini almalı idilər. Bunun sayəsində ABŞ iqtisadiyyatı ildə yüz milyardlarla investiya qazanırdı.

Bəs bunların əvəzində ABŞ-ın hansı öhdəliyi var idi? ABŞ da Körfəz ölkələrinin təhlükəsizliyinə təminat vermişdi. O vaxt İranda da ABŞ-ın vassal rejimi var idisə, şeyxlər kimdən qorxurdular? Yuxarıdakı link üzrə yazını oxusanız aydın olar ki, İsraildən. Yəni ABŞ bilərəkdən İsraili Yaxın Şərqə quduz it kimi bəsləyir və başqa ölkələri öz itindən qorumaq üçün təmənnalı təminat verirdi. Başqa sözlə, İsrailin təcavüzkar və amansız obrazı ABŞ üçün yaxşı pul və nüfuz qazandırırdı.

Şeyxlərin təhlükəsizliyini qorumaq üçün isə ABŞ bu ölkələrdə öz hərbi bazalarını yaratdı. Məlumdur ki, xarici hərbi bazalar onun sahibinin maraqlarını qorumaq üçün yaradılırlar. Buna görə də hərbi bazanı yaradan ölkə bazanı yerləşdirdiyi ölkəyə böyük məbləğdə haqq ödəyir. Körfəz ölkələrində isə ABŞ bazaları guya şeyxlərin marağı üçün yaradılmışdı – bu səbəbdən ABŞ bazaların yerləşdiyi ölkələrə nəinki haqq ödəmir, əksinə, onların saxlanma xərclərini şeyxlər ödəyirlər…

2-ci İran müharibəsi başladı və məlum oldu ki, ABŞ nəinki Körfəz ölkələrinin, şeyxlərin ən mühüm aktivlərinin, heç öz hərbi bazalarının təhlükəsizliyini təmin edə bilmir. ABŞ-ın öhdəliyini yerinə yetirə bilməməsi səbəbindən İran Hörmüz boğazını düşmən ölkələri (onlara İsrABŞ-la müttəfiq olan Körfəz ölkələri də daxildir) gəmilərinə bağladı. Şeyxlər neft-qaz sata bilmədiklərindən pul qazana bilmirlər. Deməli, ABŞ iqtisadiyyatı Körfəz pullarından məhrum olub.

Bu ölkələr, demək olar ki, hər şeyi idxal edirlər – bunun üçün onların daimi dollar gəliri olmalıdır. Neft-qaz satışı olmadığından ölkəyə dollar gəlmir. Şeyxlər cari xərclərini maliyyələşdirmək üçün ehtiyat dollar fondlarından istifadə edirdilər. Təxminən, 50 gün sonra bu ehtiyatlar da tükənməyə başlayıb. Körfəz ölkələrində dollar çatışmazlığı yaranıb. Təcili milyardlarla dollar tapılmasa, körfəz ölkələrində ərzaq qıtlığı da yarana bilər.

Petrodollar sistemi çərçivəsində vəziyyətdən iki çıxış yolu var:

-Trejerislərin satılması;

-ABŞ-ın dollar svop dəstəyi.

Təkcə S.Ərəbistanı və BƏƏ-də $200 milyardlıq trejeris var. Ənənəvi olaraq trejeris satışı ABŞ-a qazandığından çox xərcləməsinə imkan verib. Nəticədə isə onun dövlət borcu hazırda $39 trilyonu üstələyib. Bu borcun qaytarıla bilməyəcəyini görən ölkələr özlərində olan trejerisləri satır, yeni trejerislər almaq istəmirlər. ABŞ trjerisləri sata bilməsə, cari büdcə kəsirlərini bağlaya bilməz. Buna görə də o trejerisləri satmaq üçün onların gəlirlilik faizlərini artırır – bu da öz növbəsində ABŞ-ın dövlət borclarına görə faiz ödəmələrini artırır. Çin, Yaponiya, hətta Avropa ölkələri toksik aktivə çevrilmiş trejerislərdən azad olurlar.

ABŞ sözü keçdiyi ölkələrdən trejerisləri satmamağı, satılan trejerisləri almağı xahiş edir (əslində əmr edir). Hazırda elə vəziyyət yaranıb ki, yalnız Çin özündə olan bütün $600 milyardlıq trejerisləri birdən satışa çıxartsa, ABŞ maliyyə sistemi qısa müddətdə çökə bilər. Amma Çin bunu etməyəcək. Belə bir vəziyyətdə şeyxlərin trejerisləri satması ABŞ-a qarşı düşmənçilik hərəkəti olardı. Bu səbəbdən şeyxlər 1-ci çıxış yolunu ehtiyatda saxlayıblar.

2-ci çıxış yolu daha az ağrılıdır. Əvvəl dollar svop dəstəyinin nə olduğunu aydınlaşdıraq. Bu hər hansı ölkədə dollar likvidliyini təmin etmək (dollar çatışmazlığını aradan qaldırmaq) üçün ABŞ-ın həmin ölkənin valyutasını alması əməliyyatıdır. Yəni ABŞ Körfəz ölkələrinin valyutasını alıb, əvəzində onlara dollar verməlidir. FRS Aİ, Yaponiya və C.Koreya ilə müntəzəm olaraq belə əməliyyatlar aparır. Diqqət edin: bu əməliyyatları ABŞ dövləti yox, hökumətdən xəbərsiz və ona hesabat vermədən FRS aparır. Tramp FRS-lə həm də buna görə düşməndir – demək istəyir ki, siz mənim düşmənlərimi (ultraqlobalistləri) maliyyələşdirirsiniz. Niyə FRS bunu edir? Ayrı maraqlı söhbətin mövzusudur.

ABŞ dövləti sonuncu dollar svopunu 2025-ci ilin oktyabrında Argentina ilə etdi. ABŞ tarixində ilk dəfə Argentina pesosu aldı. Peso ABŞ-da, demək olar ki, lazımsız valyutadır. Bu svop əməliyyatı siyasi əhəmiyyətli idi. Ötən ilin oktyabrının sonlarında Argentinada parlament seçkiləri oldu. Seçki öncəsi ölkədə böyük inflyasiya var idi. Bu səbəbdən ABŞ-ın və İsrailin Latın Amerikasında açar lideri Xavyer Mileyin və onun partiyasının reytinqi kəskin düşmüşdü. Mileyin partiyası qalib gəlsin deyə Tramp hökuməti xilasetmə əməliyyatına başladı. Oktyabrın əvvəlində Argentina ilə $20 milyardlıq svop əməliyyatı aparıldı. Nəticədə pesonun kursu yüksəldi və mileyçilər seçkilərdə qalib gəldilər.

İndi eynisini ABŞ BƏƏ və digər Körfəz ölkələri üçün edə bilərmi? İnanmıram. Çünki ABŞ şeyxlərdən həmişə pul alıb, pul verməyib. Şeyxlərə pul vermək üçün onsuz da borc içində batan ABŞ onu kimdənsə borc götürməlidir. İndiyədək ABŞ-ın “sağmal inəkləri” şeyxlər idi. İndi isə “sağmal inəklər” nəinki “süd” vermirlər, hələ üstəlik “süd” istəyirlər. Bu “yazıq” Tramp o “südü” hardan tapsın?!

Əslində bir çıxış yolu da var, amma o petrodollar sistemi xaricindədir. Körfəz ölkələri neft-qazı Çinə yuanla sata bilərlər. Deyə bilərsiniz ki, axı onlar sata bilmirlər. Bu Çin üçün problem deyil. Çin onlara yuan krediti verə bilər. Hörmüz boğazı açıldıqdan sonra isə onlar krediti neft-qazla ödəyə bilərlər.

BƏƏ artıq bunu ABŞ-a qarşı şantaj kimi istifadə edir: svop olmasa, petroyuana keçməyə məcbur olacağını bildirib.

Asif ŞƏFƏQQƏTOV

Bizi izləyin və paylaşın
Exit mobile version