Bastrıkin Moskvadakı Partlayışla Bağlı Məruzə Tələb Etdi

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin, Moskvada yol-patrul xidməti (YPX) əməkdaşlarının həyatına qəsd edilməsi faktı üzrə aparılan cinayət işinin gedişatı barədə təcili məruzə hazırlanmasını tələb edib. Paytaxtda baş verən partlayışdan sonra qurumun ən təcrübəli mütəxəssisləri prosesə cəlb olunub.

ELAZ.İNFO xəbər verir ki, Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi faktla bağlı iki maddə üzrə cinayət işi açıb: Maddə 317: Hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd; Maddə 222.1: Partlayıcı qurğuların qanunsuz dövriyyəsi.

Aleksandr Bastrıkinin göstərişi ilə Rusiya İstintaq Komitəsinin mərkəzi aparatının ekspertləri və kriminalistləri artıq cinayətin araşdırılmasına qoşulublar. Komitə sədri, Moskva idarəsinin rəhbəri Dmitri Belyayevə hadisənin müəyyən edilmiş bütün halları və istintaqın gedişi barədə şəxsən məruzə etməyi tapşırıb.

Xatırladaq ki, Moskvada vağzal yaxınlığında baş verən partlayış nəticəsində bir polis əməkdaşı həlak olub. Şahidlərin verdiyi məlumata görə, partlayışın gücü xidməti avtomobilin kuzovunu daxildən deformasiyaya uğradıb. Hazırda partlayışın səbəbləri və cinayəti törədən şəxslərin müəyyən edilməsi istiqamətində genişmiqyaslı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights