ElAZ.İNFO xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Kir Starmerin hakimiyyəti ciddi təhlükə altındadır. “Bloomberg” agentliyinin hakim Leyboristlər Partiyasındakı mənbələrinə istinadən yaydığı məlumata görə, Starmer yaxın bir həftə ərzində istefa verməyə məcbur ola bilər.
Siyasi böhranın əsas səbəbi Britaniyanın ABŞ-dakı səfiri vəzifəsinə Piter Mandelsonun təyin edilməsidir. Mandelsonun vaxtilə pedofiliya və digər ağır cinayətlərdə ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteynlə yaxın dostluq münasibətlərinin olması Britaniya cəmiyyətində və hökumətində böyük narazılıq doğurub.
Bu təyinat artıq ilk “qurbanını” verib: Baş nazirin aparat rəhbəri Morqan Maksuini bazar günü öz vəzifəsindən istefa verib. Dauninq-strit 10 (Baş nazirin ofisi) dəhlizlərində vəziyyətin gərgin olduğu bildirilir. Bəzi kabinet üzvləri və aparat işçiləri nazirləri istefa verməyə çağırır ki, bu yolla Starmerin gedişini sürətləndirsinlər. Nazirlərdən birinin müşaviri bildirib ki, Starmerin bu həftəni baş nazir kürsüsündə tamamlaması ehtimalı “50-nin 50-yə”dir.
Vəzifəsini qorumaq üçün Kir Starmer bir neçə strateji gediş edə bilər. Sentyabrda vergi qalmaqalı ilə hökumətdən gedən keçmiş müavinini geri çağıra bilər. Hazırkı Enerji Təhlükəsizliyi nazirinə daha statuslu bir nazirlik təklif edərək onun dəstəyini qazanmağa çalışa bilər. Maraqlıdır ki, həm Reyner, həm də Milibend Starmer istefa verəcəyi təqdirdə onun yerinə ən güclü namizədlər hesab olunurlar.
Ruslan MƏMMƏDOV