ELAZ.İNFO xəbər verir ki, İspaniyanın “Barselona” klubu Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Atletiko Madrid”ə qarşı keçirilən matçdakı hakimlikdən narazı qalıb. Kataloniya təmsilçisi UEFA-ya rəsmi şikayət məktubu ünvanlayaraq, hakimlərin qərarlarının oyunun nəticəsinə birbaşa təsir etdiyini bildirib.
Xatırladaq ki, ilk qarşılaşma “Atletiko”nun 2:0 hesablı qələbəsi ilə başa çatmışdı. “Barselona” rəhbərliyini qəzəbləndirən əsas məqam oyunun ikinci hissəsində “Atletiko”nun müdafiəçisi Mark Pubilin cərimə meydançasında topa əllə müdaxilə etməsinə baxmayaraq, baş hakim İştvan Kovaçın penalti təyin etməməsidir.
Klubun yaydığı rəsmi bəyanatda deyilir: “Bu qərar qaydalara tamamilə ziddir və oyunun nəticəsini dəyişib. Biz UEFA-dan bu epizodla bağlı araşdırma aparılmasını, hakimlərin səs yazılarının təqdim olunmasını və rəsmi xətanın etiraf edilməsini tələb edirik.”
Katalonlar hesab edirlər ki, bu, son illərdə Çempionlar Liqasında onların əleyhinə verilən ilk anlaşılmaz qərar deyil. Klub rəhbərliyi digər komandalarla bərabər şərtlərdə mübarizə apara bilmədiklərini və hakim səhvlərinin komandaya ciddi zərbə vurduğunu vurğulayıb. Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması aprelin 14-də Madriddə keçiriləcək.
Ruslan MƏMMƏDOV