ELAZ.İNFO xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işi üzrə məhkəmə prosesi start götürüb.
Hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin qərarı ilə Babək İbadov barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb və iş məhkəmə baxışına verilib. Məhkəmənin növbəti iclası fevralın 2-nə təyin edilib.
Xatırladaq ki, qanlı hadisə 2025-ci il noyabrın 5-də, gecə saatlarında Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində qeydə alınıb. 2006-cı il təvəllüdlü Yasin Seymur oğlu İbadov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.
Hadisəni törətməkdə şübhəli bilinən mərhumun əmisi, 1987-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Babək İbadov saxlanılıb. İstintaq materiallarına görə, o, qətli öncədən planlaşdırıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi davam etdirilir.
Ruslan MƏMMƏDOV