ELAZ.İNFO xəbər verir ki, dünən ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeyni 84 yaşında vəfat edib.
Bu xəbərin azərbaycanlı oxucu üçün informasiya yükü ondadır ki, ABŞ və dünya siyasətinin əfsanəvi simalarından biri sayılan Dik Çeyni 2008-ci ildə Bakıda səfərdə olub.
D.Çeyni Amerikanın siyasi tarixində ən nüfuzlu vitse-prezident kimi yadda qalıb. Jurnalistlər və analitiklər onu “müharibə qırğısı” adlandırırdılar. Çünki o, qlobal siyasətdə radikal qərarların təşəbbüskarı kimi çıxış edirdi.
Ata Corc Buş hökumətində (1989-1993) müdafiə naziri olan D.Çeyni yaxın dostu Donald Ramsfeldlə birlikdə İraqla müharibənin əsas təşəbbüskarlarından biri sayılır.
Çeyni məşhur ingilis filosofu və siyasi mütəfəkkiri Tomas Hobbsun pessimist nəzəriyyəsindən çıxış edərək hesab edirdi ki, dünya yalnız ən güclü və ən amansızların sağ qalacağı qaranlıq bir cəngəllikdir. Məhz buna görə də o, daim ABŞ-ın ayrı-ayrı ölkələrə hücum etməsinin tərəfdarı kimi çıxış edirdi.
Oğul Corc Buşun prezidentliyi (2001-2009) dövründə isə cənab Çeyni məşhur 11 Sentyabr qurama “terror” hücumlarından sonra prezident Corc Buşun “Beynəlxalq terrorizmə qarşı mübarizə” adı altında İslam dünyasına qarşı həyata keçirilən qlobal terrorizm planının əsas memarı və eyni zamanda, İraqın işğalının qatı dəstəkçisi olub.
D.Çeyni, həmçinin biznes dünyasının aparıcı dairələri və eləcə də neft sənayesi maqnatları ilə sıx əlaqələri olan vise-prezident kimi xatırlanır. O, qlobal əlaqələr qurmaq və səhnə arxası diplomatiyanın mahir ustası kimi tanınırdı. Dik Çeyni hətta bir müddət məşhur “Halliburton” neft şirkətinə də rəhbərlik edib.
ABŞ-ın 46-cı vitse-prezidenti olmuş və siyasi şöhrətinə görə hətta öz “boss”unu – kiçik Corc Buşu da kölgədə qoymuş D.Çeyni rəsmi Vaşinqtonun Azərbaycanla geniş əməkdaşlıq əlaqələrinin qurulmasında mühüm rol oynayıb.
Çeyni haqqında real faktlara əsaslanaraq çəkilmiş bədii film də olduqca maraqlı filmdir.
***
Bu arada Fransa prezidentinin müşaviri də Bakıya gəlib. Bu barədə Fransanın Azərbaycandakı yeni səfiri xanım Sofi Laqut sosial şəbəkə hesabında məlumat verib.
Səfirin verdiyi məlumata görə, Fransanın Avropa məsələləri üzrə prezident müşaviri Bertran Buxvalter və Fransa Xarici İşlər Nazirliyinin Avropa departamentinin direktoru Bris Rokfey Bakıya səfər edib.
Sofi Laqut qeyd edib ki, Bertran Buxvalter və Bris Rokfeyin səfəri Fransa və Azərbaycan prezidentləri arasında son danışıqların davamıdır.
Bu o deməkdir ki, Azərbaycan və Fransa arasında Ermənistana görə yaşanan gərginlik və qarşılıqlı ittihamlar dövrü artıq geridə qalır. Fransa prezidenti Emmanuel Makron indi erməni lobbisinin yox, Fransanın milli maraqlarından çıxış edərək Azərbaycanla normal münasibətlər qurmağa başlayır.
P.S.Maraqlıdır ki, ermənilər və ruslar Dik Çeyniyə dərin nifrət bəsləyirdilər. Onun ölümü ilə bağlı xoşagəlməz paylaşımlar edən, rəylər yazanlar da məhz ermənilərdir.
Bəybala MİRZƏYEV
Siyasi şərhçi
