Bakı yağış sularında boğulur, kənd isə Allahın ruzisi ilə nəfəs alır!

ELAZ.İNFO- nun qonağı Milli Cəbhə Partiyasının (MCP) Salyan rayon təşkilat sədri Ruslan Məmmədovdur. O, paytaxtın infrastruktur rəzaləti, Salyandakı qabaqlayıcı addımlar və kənd həyatının ilahi nizamı haqqında kəskin faktlarla çıxış edib.

​— Ruslan bəy, Bakı yenə yağışa təslim oldu. Bu mənzarəni necə şərh edərdiniz?

​— Mənzərə aydındır. Bir zamanlar küləklər şəhəri kimi tanınan Bakımız bu gün bizə Venesuelanın daha acınacaqlı və “batmış” formasını xatırladır. Paytaxt sanki özünə qəsd edib, özünü suda boğmaqla intihara cəhd edir. İlk növbədə sual olunur: Dünya su deyib dad döyərkən, Xəzər dənizi Bakıdan hər gün üz döndərib geri çəkilərkən, bu “normadan artıq” dediyiniz yağış niyə məhz bizim paytaxta qənim kəsilib? Bu, “bəhanə” yox, sistemin rəzalətidir.

​— Fövqəladə Hallar Nazirliyi təxliyə işləri aparır. Bu fəaliyyəti yetərli sayırsınızmı?

​— FHN güclü rejimdə işləyir — uşaqları, qocaları bellərinə alıb təxliyə edirlər. Bu fədakarlıqdır. Lakin bu mənzərəni kənardan izləyən digər aidiyyəti qurumların rəhbərləri görəsən buna baxıb gülürlər, yoxsa o pas atmış vicdanları bircə qram da olsa tərpənir? Buna görə də deyirik: əgər o vicdan hələ tərpənirsə, deməli, onlarda “insan olmağa” dair hələ kiçik bir ümid qalıb. Amma bu gedişlə o ümid də həmin yağış sularında boğulub gedəcək.

​— Vətəndaşlara qarşı münasibətdə qurumların sərtliyini tez-tez tənqid edirsiniz…

​— Əlbəttə! Keçək əsas və daha ağrılı məsələyə. Yazıq bir vətəndaş özünə bir “göz kümə” tikmək istəsə, Azərbaycan əlifbasında nə qədər hərf varsa, hər hərfə aid bir idarə gəlib adamı intihar həddinə çatdırır. Məsələn, bir məkana qaz çəkmək üçün o “məşhur” fövqəladənin icazəsini almaq sanki Roma Senatına qədər getmək deməkdir. Ancaq məsələ qanunidirsə, vətəndaşın canını çıxarmaqdan zövq alırlar.

​Bəs Bakıya yollar çəkəndə milləti gecə-gündüz toz-torpaqla boğan, zülm verən o “Azəryol”a Fövqəladənin qanunları niyə vaxtında “Dur!” deməyib? Nəticədə, səkiləri mərmər küçəsi kimi bəzəyib, qara asfalt döşəyib yolları təslim etdiniz, bəs bu yolların altından niyə bir su kanalı, bir kanalizasiya lükü keçmədi? Həmçinin, hər gün qapı döyüb komunal pulu güdən idarələr indi hardadır? Niyə çıxıb bu xalqa hesabat vermirlər?

​— Ruslan bəy, Bakıda vəziyyət acınacaqlıdır. Bəs təmsil etdiyiniz Salyan rayonunda vəziyyət necədir?

​— Salyanda da, vəziyyət ideal deyil, amma burada bir fərq var: gələcəkdə bu cür rəzil fəsadların qarşısını almaq üçün qabaqlayıcı addımlar atılır. Hazırda Salyan rayon İcra Hakimiyyətinin başçısı cənab Rüstəm Xəlilovun təşəbbüsü ilə rayonumuzda ciddi tədbirlər görülür. Şəhərimizdə yeni kanalizasiya sistemi çəkilir, köhnələr isə yenidən qurulur. Bəli, hələ ki təmir-tikinti işləri tamamlanmayıb. Lakin ümid edirik ki, Bakıda gördüyümüz o bərbad mühəndis səhvləri bizim rayonda təkrarlanmayacaq.

​— Kəndlərimizdə bu yağışlar necə qarşılanır? Orada da infrastruktur dərdi var?

​— Bilirsiniz, kəndlərdə hər şey orqanikdir. Orada nizamı Allah özü qurub, Allahın işində isə nöqsan olmaz. Şəhərdə bu yağışa “fəlakət” deyirlər, amma bizim kəndlərdə qocalarımız buna “ruzi-bərəkət” deyir. Şəhərdən fərqli olaraq, yağış kənd həyatını canlandırır. Bu yağış taxılın, arpanın, ot-ocağın bolluğuna işarədir. Beləliklə, şəhərli suda boğulub idarələri lənətləyərkən, kəndli əllərini göyə açıb şükür edir. Çünki kəndli bilir ki, bu su torpağa həyat, süfrəyə çörək gətirir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights