ELAZ.İNFO xəbər verir ki, İraqın paytaxtı Bağdadın mərkəzində, diplomatik korpusların yerləşdiyi “Yaşıl zona”da yerləşən ABŞ səfirliyinə raket hücumu təşkil edilib. Bu barədə məlumatı regional “Shafaq News” portalı yayıb.
İraq təhlükəsizlik qüvvələrindəki mənbənin verdiyi məlumata görə, hücum zamanı səfirliyin ərazisindəki hava hücumundan müdafiə (HHM) sistemləri dərhal aktivləşdirilib və bir neçə mərmini havada zərərsizləşdirə bilib. Paytaxtda həyəcan siqnalları işə düşüb, ərazidə təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə qaldırılıb.Hücum nəticəsində diplomatik missiyanın binasına dəyən potensial maddi ziyan və ya xəsarət alanlar barədə hələlik rəsmi məlumat yoxdur.
Qeyd edək ki, bu hücum Yaxın Şərqdə, xüsusilə ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlardan sonra gərginliyin pik həddə çatdığı bir vaxtda baş verib. Son günlər regiondakı müxtəlif silahlı qruplaşmalar ABŞ-ın hərbi və diplomatik obyektlərini hədəf alacaqları ilə bağlı bəyanatlar veriblər.
Ruslan MƏMMƏDOV