Aprelin 4-də görkəmli alim, professor Hüseyn Əhmədovun anım günüdür. Ömrünü Azərbaycanda elmin və təhsilin inkişafına həsr etmiş bu böyük insan ömrünün müdriklik çağında, 94 yaşında haqq dünyasına qovuşdu.
Hüseyn Mustafa oğlu Əhmədov 17 iyul 1926-cı ildə Qərbi Azərbaycanın Krasnoselo (Çəmbərək) rayonunun Toxluca kəndində anadan olmuşdur. O, ilk təhsilini babası Molla Əhməddən alaraq “Qurani- Kərim”i mənimsəmiş, bir müddət sonra balaca Hüseyn ailəsi ilə birlikdə İrəvan yaxınlığındakı Kənəkir rayonunun Göykilsə kəndində yaşamış (1936-1940), orada 7-ci sinfi, Kənkan kəndində isə 8-ci sinfi bitirmişdir. Atası İkinci Dünya Müharibəsində şəhid olduğundan ailənin bütün çətinlikləri onun üzərinə düşmüş, bir neçə il doğma kəndlərində ibtidai sinif müəllimi işləmişdir.
Hüseyn müəllim daha sonra təhsilini davam etdirmək məqsədilə Gəncə şəhərinə gəlmiş və buradakı Klara Setkin adına Pedaqoji Texnikumun III kursuna qəbul olunmuş, 1947-ci ildə oranı “əla” qiymətlərlə bitirmişdir.
1947-1951-ci illərdə Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunda (indiki Gəncə Dövlət Universitetində) tarix müəllimliyi ixtisası üzrə təhsil almışdır.
Hüseyn Əhmədov 1958-ci ildə namizədlik, 1972-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir.
Hüseyn müəllim 1958-ci ildə Azərbaycan ETPEİ-də (indiki Təhsil İnstitutu) kiçik elmi işçi vəzifəsində işləmiş, 1958-1959-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbayan Dövlət Pedaqoji Universiteti) Pedaqogika kafedrasında assistent, 1964-1977-ci illərdə dosent, 1977-2014-cü illərdə professor vəzifələrində çalışmışdır.1974-1977-ci illərdə həmin institutun Orta məktəb direktorlarının ixtisasartırma fakültəsinin dekanı olmuş, 1977-ci ildə ona Pedaqogika kafedrası üzrə professor elmi adı verilmişdir. Azərbaycan məktəb və pedaqoji fikir tarixi sahəsində apardığı ardıcıl və sistemli tədqiqatları onun çoxşaxəli elmi yaradıcılığının mərkəzində dayanır. O, Azərbaycan pedaqoji fikir klassiklərinin, maarifçilərinin ilk növbədə N.Tusi, A.A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundov, H.Zərdabi, S.Ə.Şirvani, S.M.Qənizadə, A.O.Çernyayevski, M.Ə.Elxanov, F.B.Köçərli, M.H.Ruşdiyyə, S.B.Vəlibəyov, C.Məmmədquluzadə, M.T.Sidqi, N.Nərimanov, Ü.Hacıbəyov, R.Əfəndiyev, R.Əfəndizadə, Ə.Y.Seyidov və digərlərinin pedaqoji ideyalarını tədqiqata cəlb etmiş, onların xalq maarifi, məktəb təhsili, təlim-tərbiyə ilə bağlı fikirlərini aşkarlamış, pedaqoji fikrin qaynaqlarını üzə çıxarmış, gənc nəslin tərbiyəsində həmin irsin əhəmiyyətini əsaslandırmış, bu günümüz üçün əhəmiyyətli olan elmi müddəalar irəli sürmüşdür.
O, 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasının IV-X cildlərinin əsas müəlliflərindən biri olmuşdur.
Hüseyn Əhmədov təkcə Azərbaycanda deyil, həm də keçmiş İttifaqda yaxşı tanınan nüfuzlu təhsil tarixçilərindən biri olmuşdur və 1990-cı il dekabrın 20-də SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü seçilmişdi.
O, “Y.Komenski adına Böyük Qızıl Medalı” ilə təltif olunmuşdur.
1999-cu ildə Rusiya Dövlət Təhsil Akademiyasının xarici üzvü seçilmiş, 2005-ci ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyası tərəfindən “Türk Dünyasına Hizmet” qızıl medalı ilə təltif olunmuşdur.
Professor Hüseyn Əhmədov “Azərbaycan SSR qabaqcıl maarif xadimi” (1973), “SSRİ maarif əlaçısı” (1977), Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı, “Azərbaycan SSR əməkdar ali məktəb işçisi” (1981) fəxri adına layiq görülmüşdür.
2007-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olan Hüseyn Əhmədov müharibə və əmək veteranı idi.
Ana dilli dərsliklərimizi milli sərvətimiz hesab edirdi.
Akademik Hüseyn Əhmədov Allahın ona verdiyi ömrü şərəflə, ləyaqətlə və zəhmətlə yaşadı. Şərəfli adını millətin təhsil, mədəniyyət, insanlıq tarixinə yazmağı bacardı. Onun həyatı insanlar üçün mənəviyyat dərsi oldu.
Belə bir deyim var: -Bəzi insanlar ölmür, sadəcə dünyalarını dəyişirlər.
Akademik Hüseyn Əhmədov 04 aprel 2020-ci ildə Bakı şəhərində vəfat etmişdir. Allah rəhmət eləsin!
Esmira RƏHİMOVA