Bəybala Mirzəyev: -“Ədalət çox gecikdi”

Ramiz Mehdiyevin dövlətə xəyanətdə ittiham olunması təəssüf ki, çox gec baş verdi. Necə deyərlər, ədalət çox gecikdi.

ELAZ.İNFO-ya danışan siyasi şərhçi Bəybala Mirzəyev söyləyib ki, “Ramiz Mehdiyev, həmçinin hakimiyyət çevrilişinə cəhddə də ittiham olunur. Eləcə də külli miqdarda vəsaitin mənimsənilməsi və digər maddələr üzrə təqsirləndirilir. Şübhəsiz ki, o, bu boyda geniş miqyaslı gizli işlərlə tək məşğul olmayıb. Bu adam bu işlərlə komanda formasında, çətə və ya şəbəkə şəklində məşğul olub, “piramida”nın başında dayanıb”.

Bəybala Mirzəyev vurğulayıb ki, “Ramiz Mehdiyev bir növ “dövlət içində dövlət” qurmuşdu. FETÖ kimi onun da adamları hər yerə sızmışdı. Nazirliklərdə, parlamentdə, icra hakimiyyətlərində, siyasi partiyalarda, mediada, QHT sektorunda, biznes sahəsində və Elmlər Akademiyası sistemində – bir sözlə, hər yerdə R.Mehdiyevin adamları vardı və elə indi də var. Həm hakimiyyət daxilində, həm də müxalifət düşərgəsində öz şəbəkəsini formalaşdıran belə bir “akula”nın bir gün hakimiyyət eşqinə düşməsi və millətə zərər verməsi əsla təəccüblü deyil”.

Ən pisi də budur ki, bu “akula”lar hakimiyyətin öz içindən çıxıb. Yəni ki, Ramiz Mehdiyev tək deyil. Əli həsənovlar, nəcməddin sadıqovlar, vasif talıbovlar, eldar mahmudovlar və digərləri də uzun illər ərzində dövlətə və millətə pislik ediblər.

Siyasi şərhçi onu da qeyd edib ki, “sabiq məmurlar arasında bu cür “akula”lar çoxdur. Elə indiki məmurlar arasında da Ramiz Mehdiyev tipli “boz kardinal”lara rast gəlmək mümkündür. Ancaq bütün sahələr bu zərərvericilərdən və mafiozlardan tezliklə təmizlənməlidir ki, dövlət və millət də rahat nəfəs alsın. Bu cür təmizləmələr, “sanitariya” işləri dövlətin təhlükəsizliyi və millətin işıqlı gələcəyi üçün çox vacibdir”.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights