Azərbaycanda qadınlar ən çox hansı sahədə çalışır və nə qədər maaş alırlar?

Milli Məclisdə ölkənin işçi qüvvəsi, məşğulluq strukturu və gender əməkhaqqı fərqləri ilə bağlı mühüm məsələlər müzakirə olunub. Parlamentdəki çıxışı zamanı deputat Vüqar Bayramov Azərbaycanda qadın məşğulluğunun mövcud mənzərəsini əks etdirən rəsmi statistikanı diqqətə çatdırıb.

ELAZ.İNFO xəbər verir ki, millət vəkilinin təhlillərinə əsasən, hazırda respublikada məşğul əhalinin ümumi daxili balansında gender nisbəti demək olar ki, bərabərdir. Belə ki, məşğul statusu daşıyan vətəndaşların 2 milyon 414 min nəfərini xanımlar, 2 milyon 615 min nəfərini isə kişilər təşkil edir. Ölkənin ümumi işçi qüvvəsi bazasında qadınların ümumi sayı isə 2 milyon 571 min nəfər həddinə çatıb.

Deputat çıxışında Azərbaycanda qadınların orta aylıq əməkhaqqının kişilərin qazancına olan nisbətindəki disbalansı xüsusi vurğulayıb. Vüqar Bayramov qeyd edib ki, hazırda ölkəmizdə qadınların orta aylıq gəliri kişilərin qazandığı məbləğin cəmi 69,1 faizini təşkil edir: “Müqayisə üçün bildirim ki, qlobal miqyasda, yəni dünya praktikasında bu göstərici orta hesabla 77–80 faiz civarında dəyişir. Bu istiqamətdə fərqin azaldılması hələ də aktualdır.” Açıqlanan rəsmi statistikaya görə, qadın işçi qüvvəsinin ən çox üstünlük təşkil etdiyi sahələrin başında humanitar və xidmət sektorları gəlir. Əmək müqaviləsi əsasında fəaliyyət göstərən ümumi 722 min 147 qadın işçinin sahələr üzrə bölgüsü belədir:

Təhsil sektoru (1-ci yer): Bu sahədə 242 min 801 qadın çalışır ki, bu da muzdlu işçi qadınların ümumi sayının 33,6 faizidir. Səhiyyə və sosial xidmətlər (2-ci yer): Tibb və sosial təminat müəssisələrində çalışan xanımların sayı 116 min 976 nəfərdir (ümumi payı 16,2 faiz). Ticarət və nəqliyyat vasitələrinin təmiri (3-cü yer): İlk üçlüyü tamamlayan bu kommersiya sektorunda rəsmiləşdirilmiş 95 min 566 qadın əmək müqaviləsi mövcuddur.

Parlament tribunasından qadınların çalışdıqları sahələr üzrə aldıqları orta aylıq əməkhaqqı göstəriciləri də elan edilib. Təhlillər göstərir ki, kəmiyyət baxımından azlıq təşkil etsələr də, qadınlar ən yüksək gəliri sənaye və maliyyə sektorlarında qazanırlar: “Qadınların orta aylıq əməkhaqqına görə ən pik göstərici mədənçıxarma sənayesində qeydə alınıb – bu sferada xanımların orta maaşı 2915 manatdır. Növbəti yüksək gəlirli sahə maliyyə və sığorta sektorudur ki, burada xanımlar rəsmi olaraq orta hesabla 1813 manat qazanırlar. İnformasiya və rabitə (İT) sektorunda çalışan qadınların orta aylıq maaşı 1353 manat təşkil etdiyi halda, kütləvi məşğulluğun unvanı olan təhsil sektorunda çalışan qadınların orta aylıq maaşı cəmi 731 manat həddindədir.”

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın