“Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq.” – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Sizlərə maraqlı bir kitab təqdim edirəm. İlk nəşri 1551-ci ildə çap edilib. Əldəki nüsxə portretli və bəzəkli nəşrdir – 1575-ci ilə aid. Kitabın latınca adı: “Elogia virorum bellica virtute illustrium”. Tərcümədə: “Hərbi şücaətləri ilə məşhur olan kişilərin tərifi”. Müəllif İtalyanın nüfuzlu tarixçilərindən Paolo Gioviodur. Rəsmlərin müəllifi isə Tobias Stimmer.
Giovio Səfəvi ordusunun döyüş taktikaları, qızılbaşların cəsarəti və Azərbaycan coğrafiyasının strateji əhəmiyyəti haqqında qeydlər aparıb. Bu məlumatları əldə etmək üçün o, Səfəvi elçiləri və Şərqdən qayıdan səyyahlarla birbaşa təmasda olub, onlarla ünsiyyət qurub.
Kitabda dövrün məşhur sərkərdələri, o cümlədən Osmanlı sultanları və onların rəqibləri haqqında məlumatlar var. Buraya Azərbaycan ərazisində hökmranlıq etmiş, Səfəvi dövlətinin qurucusu Şah İsmayıl Xətai da daxildir. Covio onu “Sophi” adı ilə təqdim edir, hərbi qabiliyyətlərini tərifləyir, xüsusilə Çaldıran döyüşündəki roluna və döyüş meydanındakı cəsarətinə diqqət çəkir.
Paolo Covio Şah İsmayıl haqqında yazarkən həm tarixçi, həm də heyran kimi çıxış edir. O, İsmayılı sadəcə bir hökmdar deyil, bir növ “möcüzəvi fenomen” kimi təsvir edir.
Covio Şah İsmayılı qədim Roma və Yunan qəhrəmanları ilə müqayisə edir, onu Şərqin “parlayan ulduzu” adlandırır. Səfəvi döyüşçüləri qılınc və oxla vuruşmağı “kişilik”, odlu silahlardan istifadəni isə “qorxaqlıq” hesab edirdilər.
Covio Şah İsmayılın fiziki cizgilərini də təsvir edir: yaraşıqlı, parlaq gözlü, cəsur simalı, qorxmaz və döyüşlərdə şəxsən iştirak edən bir sərkərdə. Tobias Stimmerin qravürü bu gün Şah İsmayılın Avropadakı ən məşhur təsvirlərindən biri hesab edilir. Covionun qeyd etdiyi bir detal xüsusi maraq doğurur: o, Şah İsmayılı “qırmızı saçlı, yaraşıqlı və cəsur bir hökmdar” kimi təqdim edir.
Şah İsmayılın ordusuna gəlincə, Covio onların döyüşkənliyini, at çapmaq məharətini və oxatma qabiliyyətini məhz “türk ruhu” ilə əlaqələndirir. Onun nəzərində Şahın mənsub olduğu xalq və coğrafiya cəsur döyüşçülərin əsas mərkəzidir.
Covio Şah İsmayılı “Persarum Rex” (“Pers şahı”) adlandırsa da, onun idarə etdiyi kütlənin Osmanlı tabeliyindəki türklərlə eyni kökdən gəldiyini, lakin dini etiqadca – şiəlikdə – fərqləndiyini aydın şəkildə anlayır. Covionun qənaətinə görə, Şah İsmayıl etnik baxımdan özünü türk dilində ifadə edən, türkmən hərbi elitasına mənsub və Azərbaycanı dövlətin mərkəzi seçən bir hökmdardır.
Müəllif açıq şəkildə yazır: “İsmayılın kökləri oturaq ‘fars’ mədəniyyətindən deyil, daha çox çölün döyüşkən və azad ruhlu insanlarından, türklərdən gəlir.”
Covio üçün Azərbaycan xalqı sadəcə bir etnik qrup deyil – o, Şərqin “mühafizəçiləri”dir. Covio qeyd edir ki, bu xalqın yaşadığı torpaqlar həm Osmanlı, həm də digər şərq gücləri üçün keçilməz bir sədd rolunu oynayırdı.
Onun fikrincə, Azərbaycan xalqı hərbi şücaəti ilə hətta Roma sərkərdələrini belə kölgədə qoya biləcək potensiala malikdir. Covio yazır ki, Azərbaycanın və Şərqin bu döyüşçüləri şaha o qədər sadiqdirlər ki, döyüşə gedərkən zireh geyinməkdən belə imtina edirlər.
Covio Şah İsmayılın ordusunun – Qızılbaşların – Anadolu və Azərbaycanın müxtəlif türk tayfalarından təşkil olunduğunu vurğulayır. Bu döyüşçü sinfinin ana dili Azərbaycan türkcəsi idi. Müəllif qeyd edir ki, Şah öz əsgərləri ilə eyni ruhda, eyni dildə danışır və onları məhz bu dildə ruhlandırırdı.
Paolo Covionun nəzərində Çaldıran döyüşündəki Şah İsmayıl “texnologiyaya uduzan antik bir qəhrəman” obrazındadır. O, İsmayılın məğlubiyyətini onun zəifliyi ilə deyil, Sultan Səlimin “hiyləgər” və “qeyri-insani” odlu silahları ilə izah edir.
Covio Azərbaycan coğrafiyasındakı yer adlarını – Təbriz, Ərdəbil, Xoy – qeyd edərkən, bu bölgələrin məhz türkdilli əhali tərəfindən məskunlaşdığını və dövlətin siyasi nüvəsinin burada formalaşdığını təsdiq edir.
Şahın babası Uzun Həsən barədə italyan tarixçisi yazır ki, o, Azərbaycanın hərbi gücünü birləşdirən və Avropa diplomatları ilə şəxsən müzakirələr aparan çox müdrik bir lider idi.
Covio əsərində Azərbaycan xalqının bu “türk-döyüşçü” xarakterini Şah İsmayılın şərqdəki sürətli uğurlarının əsas səbəbi kimi göstərir. Nəticə olaraq deyə bilərik ki, Paolo Covio üçün Şah İsmayılın türk kökləri onun hərbi gücünün, sarsılmaz iradəsinin və Qızılbaşlar üzərindəki mütləq hakimiyyətinin rəmzidir.
Covio İsmayılı “Persia” taxtında əyləşmiş, lakin bütün gücünü Azərbaycanın və ətraf bölgələrin türkmən ruhundan alan bir “Skit imperatoru” kimi təsvir edir.
Zaur Əliyev
Prof.Dr.

