Azərbaycan ədəbiyyatı Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunub


ELAZ.İNFO xəbər verir ki, Azərbaycan ədəbiyyatı oktyabrın 7-dən 11-dək Almaniyada keçirilən 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim edilib. Tədbirdə ölkəmiz üçün milli pavilyon təşkil olunub.
Pavilyon Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycanın Berlindəki Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə fəaliyyət göstərib.
Sərgi çərçivəsində oktyabrın 8-də “Avrasiya kitab bazarları” mövzusunda panel müzakirəsi keçirilib. Görüşdə regionda nəşriyyat sahəsinin inkişaf perspektivləri, kitab bazarının mövcud vəziyyəti və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub.
Azərbaycan nümayəndələri Norveçin ədəbiyyat təşkilatı NORLA-nın rəhbərliyi ilə də görüş keçiriblər. Tərəflər ədəbi əlaqələrin inkişafı, tərcümə və nəşriyyat sahəsində əməkdaşlıq, eləcə də Norveçin Bakı Beynəlxalq Kitab Sərgisində fəxri qonaq qismində iştirakı məsələlərini müzakirə ediblər.
Sərginin ilk iki günündə Azərbaycan nəşriyyatlarının nümayəndələri xarici tərəfdaşlarla işgüzar görüşlər keçiriblər. Müzakirələrdə müəllif hüquqları, Azərbaycan ədəbiyyatının xarici dillərə tərcüməsi və yerli nəşrlərin beynəlxalq bazarlara çıxarılması məsələlərinə diqqət yetirilib.
Bu cür tədbirlər yerli müəlliflərin əsərlərinin xarici nəşriyyatlara təqdim edilməsi və Azərbaycan ədəbiyyatının beynəlxalq miqyasda tanıdılması üçün imkanlar yaradır.
Günel GÜNTAC





