-Azərbaycanlılar dindən çox, öz adət-ənənələrinə və milli dəyərlərinə bağlı olan xalqdır. Məsələn, bir çox sahələrdə qadına olan hörmət o dərəcədə güclü olub ki, qadın yaylığını açıb yerə atsa qanlı mübahisələr dayanardı.
ELAZ.İNFO xəbər verir ki, tarixçi, fəlsəfə doktoru, dosent Zaur Əliyev deyir ki, “qadın küçədə tək gedəndə at belində olanlar dərhal yerə düşüb onu evinə qədər müşayiət edərdilər. Ailə qurmaq məsələsi də çox ciddi mental dəyərlərə söykənirdi. Qızı görüb onunla evlənmək istəyən gənclərin əməl etdikləri gözəl bir adət var idi. Oğlan qızın subay, ailəli, yaxud dul olmasını bilmək üçün bulaq başına gedər, kənarda durar, onun səhəngindən bunu bilərdi”.
Zaur Əliyev onu da vurğulayır ki, “dul qadına elçi gələn oğlan da mütləq müəyyən şərtlərə əməl etməli idi:
1) Qadının övladları varsa onu öz övladları kimi qəbul etməli;
2) Əgər birinci əri döyüşdə yaxud başqa səbəblə ölürdüsə onun ailəsinin övladlarını ziyarət etməsinə şərait yaratmalı idi”.
Z. Əliyev bildirir ki, “Azərbaycanlıların milli-mənəvi dəyərlərinə görə hər hansı bir qızın yaxud qadının adı başqa yerdə çəkilirdisə, soruşan adam ya ciddi addımlar atmalı, ya da bu hərəkətinə görə ağır cəzaya razı olmalı idi. Ağır cəza isə ölüm idi”.
Natəvan BƏYDİLİ
Şəkil: Azərbaycanlı xanımlar, Fərqanə Qasımova və müğənni Nigar Camal.