Azərbaycandan da Nobel mükafatına layiq görülənlər olacaq

Qərbin yetirmələri…

İsveç Kral Elmlər Akademiyası yanında Nobel Mükafatı Komitəsi ötən gün 2025-ci il üçün Alfred Nobelin xatirəsinə İqtisadi Elmlər üzrə “Sveriges Riksbank” mükafatının laureatlarını elan etməklə növbəti haylı-küylü, qalmaqallı “Nobel həftəsi”nə yekun vurdu.

Bu dəfə İqtisadiyyat üzrə Nobel ödülünə niderlandlı Coel Mokir, fransalı Filip Aqion və kanadalı Peter Hovitt sahib çıxdılar.

Nə üçün builki Nobelə məhz bu üçlük layiq görüldü?

Rəsmi məlumata görə, bu mükafat onlara “innovasiya əsaslı iqtisadi artımı izah etdiklərinə görə” təqdim edilib.

Belə ki, İsveç Kral Elmlər Akademiyasının məlumatında bildirilib ki, builki Nobel mükafatı üçün ayrılan pulun yarısı “texnoloji tərəqqi vasitəsilə davamlı artımın ilkin şərtlərini müəyyən etdiyinə görə” Joel Mokirə, digər yarısı isə “yaradıcı dağıdılma (creative destruction) vasitəsilə davamlı artım nəzəriyyəsini irəli sürdüklərinə görə” Filip Aqion və Peter Hovitt`ə birgə verilib.

J.Mokir davamlı böyümənin yeni normal halına gəlməsinin səbəblərini açmaq üçün bir vasitə kimi tarixi mənbələrdən istifadə edib. F.Aqion və P.Hovitt isə davamlı böyümənin arxasında duran mexanizmləri də araşdırıblar.

Nobel Komitəsinin press-relizində qeyd olunur ki, alimlər yeni texnologiyaların davamlı böyüməyə necə kömək edə biləcəyini göstəriblər.

“Son iki əsrdə, tarixdə ilk dəfə olaraq, dünya davamlı iqtisadi artımın şahidi oldu. Bu, çox sayda insanın yoxsulluqdan çıxmasına kömək etdi və rifahımızın əsasını qoydu. Builki İqtisadiyyat mükafatı laureatları innovasiyanın gələcək tərəqqiyə necə təkan verdiyini izah edirlər”, – Komitənin press-relizində deyilir.

Bu alimlərin üçü də Qərb iqtisadi məktəbinin yetirmələridir.

Artıq 124 ildir ki, hər ilin oktyabr ayının birinci yarısında Fiziologiya və Tibb üzrə, Fizika üzrə, Kimya üzrə, Ədəbiyyat üzrə və Sülh üzrə Nobel mükafatı dünyanın ən güclü araşdırmaçılarına, yazarlarına və siyasətçilərinə təqdim olunur (bəzən laureatların seçimi ilə razılaşmasaq da belə).

Ümid edək ki, önümüzdəki 10-15 il ərzində Azərbaycandan da Nobel mükafatına layiq görülənlər olacaq.

Bəybala MİRZƏYEV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights