Azərbaycanda su qıtlığı təkcə təbii amil deyil, həm də idarəetmə və köhnə infrastruktur məsələsidir
ELAZ.İNFO xəbər verir ki, rəsmi məlumatlara görə, Azərbaycanda içməli suyun 39%-i, suvarma suyunun isə təxminən yarısı köhnə borular və torpaq kanallar səbəbindən mənzil başına çatmadan itkiyə gedir.Su itkisinin əsas səbəbi boru kəmərlərinin 70-80%-nin istismar müddətini başa vurması və suvarma kanallarının əksəriyyətinin beton deyil, torpaq məcralı olmasıdır. Xüsusilə Saatlı (Nabatkənd, Orta Muğan) Sabirabad və Neftçala kimi aran rayonlarında sakinlər hələ də içməli suyu maşınlarla (çənlərlə) pulla almağa məcburdurlar.Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tez-tez yeni açılışlar etsə də, (məsələn, Saatlıda Mollavazlı kəndi) ümumi itki faizinin yüksək olması (ideal göstərici 10%-dən aşağıdır) problemin köklü həll olunmadığını göstərir.
İqlim dəyişikliyi səbəbindən 2050-ci ilə qədər ölkənin yerüstü su ehtiyatlarının daha 20-25% azalacağı proqnozlaşdırılır. Bu, mövcud itkilər fonunda “su qıtlığı” deyil, “su böhranı” deməkdir.
Ruslan MƏMMƏDOV


