Azərbaycan və Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətləri getdikcə daha da güclənir. Xəzərin qarşı sahillərində yerləşən bu iki ölkə Türk dünyasının Cənubi Qafqaza və Mərkəzi Asiyaya açılan qoşa qapısı sayılır.
Qazaxıstan türklərinin Azərbaycana qarşı marağı ildən-ilə artır. Hazırda Azərbaycanda 10 minə yaxın Qazaxıstan vətəndaşı yaşayır. Onlar burada təhsil alır, işləyirlər.
Qazaxıstanda yaşayan azərbaycanlıların sayı isə 155 min nəfərdən çoxdur. Qazaxıstanın 16 vilayətindən 14-də azərbaycanlılar özlərinin icma və birliklərini yaradıblar.
Bu il Türküstandan (Mərkəzi Asiya respublikalarından) Azərbaycana gələn türistlərin arasında qazax turistlər üstünlük təşkil ediblər. Xüsusən də qazaxıstanlı gənc oğlan və qızların bir çoxu bu il yay gəzintiləri üçün əsas ünvan kimi məhz Azərbaycanı seçiblər. Bu il Azərbaycana Qazaxıstandan təxminən yüz minə yaxın turist gəlib.
Onlar musiqimizi, yeməklərimizi, təbiətimizi çox sevir, insanlarımızın isti münasibətini yüksək qiymətləndirirlər. Mənim tanıdığım qazaxlarda Azərbaycana qarşı böyük bir heyranlıq hissi var.
Çar Rusiyası və sovet-sosialist imperiyası (SSRİ) bütün Türk dünyasını parçaladığı kimi qazax və Azərbaycan türklərini də bir-birindən ayrı salmağı, ortaq dil və mədəniyyət bağlarını qoparmağı bacarmışdı. Lakin son 34 illik müstəqillik dönəmində Azərbaycan və Qazaxıstan bir-birinə yaxınlaşmaq və tarixi əlaqələri bərpa etmək baxımından, şükürlər olsun ki, bir xeyli məsafə qət ediblər.
Bu iki qardaş ölkə Xəzər hövzəsini və Türküstanı bir-birinə birləşdirməklə önümüzdəki illərdə real Türk birliyinin formalaşdırılmasında həlledici rol oynayacaqlar.
Bəybala MİRZƏYEV
Siyasi şərhçi