ELAZ.İNFO xəbər verir ki, martın 8-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Danışıq zamanı ikitərəfli münasibətlər, regional təhlükəsizlik məsələləri və son baş vermiş hadisələr müzakirə olunub.
Prezident Məsud Pezeşkian, dövlətimizin başçısı İlham Əliyevin İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar İranın Azərbaycandakı səfirliyinə şəxsən gələrək başsağlığı verməsinə görə minnətdarlığını bildirib. Eyni zamanda, Azərbaycanın İrana humanitar yardım göstərmək niyyəti yüksək qiymətləndirilib.
Prezident İlham Əliyev öz növbəsində İranda baş vermiş faciəvi hadisələrdə mülki şəxslərin həlak olması ilə bağlı bir daha dərin hüznlə başsağlığı çatdırıb. Telefon danışığının mühüm mövzularından biri də Naxçıvan Muxtar Respublikasının havadan atəşə tutulması ilə bağlı baş vermiş insident olub. Məsud Pezeşkian qeyd edib ki, sözügedən hadisənin İran İslam Respublikası ilə heç bir əlaqəsi yoxdur. O, hadisənin hərtərəfli şəkildə araşdırılacağını xüsusi vurğulayıb.
Prezident İlham Əliyev Naxçıvanda baş vermiş bu hadisənin köklü şəkildə araşdırılmasının və səbəbkarların müəyyən edilməsinin vacibliyini diqqətə çatdırıb.
Ruslan MƏMMƏDOV