ELAZ.İNFO xəbər verir ki, Emmanuel Makron İranın hücumu ilə əlaqədar Azərbaycanla həmrəyliyini ifadə edib. Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Danışıq zamanı regional təhlükəsizlik və ikitərəfli əməkdaşlığın bərpası məsələləri diqqət mərkəzində olub.
Fransa Prezidenti İranın Azərbaycana qarşı həyata keçirdiyi hava hücumu ilə bağlı ölkəsinin rəsmi Bakı ilə həmrəy olduğunu və Azərbaycanın suverenliyini dəstəklədiyini bəyan edib. Emmanuel Makron həmçinin İrandakı Fransa vətəndaşlarının Azərbaycan ərazisi vasitəsilə təhlükəsiz təxliyəsi üçün yaradılmış şəraitə görə dövlətimizin başçısına xüsusi minnətdarlığını bildirib.
Prezident İlham Əliyev nümayiş olunan bu həmrəyliyə və dəstəyə görə Fransa tərəfinə təşəkkürünü çatdırıb. Telefon söhbəti zamanı tərəflər Cənubi Qafqaz regionunda sülhün və sabitliyin möhkəmləndirilməsi perspektivlərini geniş müzakirə ediblər. Xüsusilə Azərbaycan və Fransa arasındakı ikitərəfli münasibətlərin yenidən canlandırılması, mövcud gərginliklərin aradan qaldırılması və gələcək əməkdaşlıq imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb.
Ruslan MƏMMƏDOV