Azərbaycan, Türkiyə və Pakistanın Qardaşlıq Nidası

2025-ci ilin 28 mayında Laçın şəhərində baş tutan üç qardaş ölkənin – Azərbaycan, Türkiyə və Pakistanın birgə iştirakı ilə keçirilən tədbir təkcə mədəni bir mərasim deyil, həm də dünyaya verilən güclü geosiyasi, diplomatik və mənəvi mesaj idi. Bu gün Laçın, sadəcə azad olunmuş bir torpaq yox, həm də birliyin, gücün və sülhün yeni rəmzinə çevrilib.

Azərbaycan bu gün Laçında bir bayram keçirirsə, bu onun ədalətli savaşının, milli birliyinin və səbrlə qurduğu diplomatik strategiyasının təntənəsidir. Laçın, 30 il düşmən tapdağında inildəyən bir torpaqdan, indi qardaş dövlətlərin birgə səhnəsinə çevrilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə bərpa edilən Laçın şəhəri, regionda sabitliyin və inkişafın nümunəsinə çevrilir. Azərbaycan dünyaya göstərdi ki, dağıdılmış bir şəhəri qısa zamanda yenidən inşa etmək, onu mədəniyyət, turizm və diplomatiya mərkəzinə çevirmək mümkündür – yetər ki, xalq bir olsun, rəhbərlik qətiyyətli olsun.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” fikri, Laçında bir daha real mənzərəyə çevrildi. Türkiyənin Laçında olması, sadəcə diplomatik jest deyildi – bu, türk birliyinin canlı və işgüzar təzahürü idi.

Türkiyə həm siyasi, həm iqtisadi, həm də hərbi sferalarda Azərbaycanın yanında olaraq göstərdi ki, Cənubi Qafqazda yalnızca ədalətə əsaslanan sülh qalıcı ola bilər. Laçında dalğalanan Türkiyə bayrağı, bu torpaqlarda qardaşlığın sarsılmazlığını təcəssüm etdirirdi.

Pakistan uzun illərdir ki, Qarabağ məsələsində Azərbaycanın yanında olan azsaylı ölkələrdən biridir. Laçındakı tədbirdə Pakistanın iştirakı, bu ölkənin yalnız sözlə yox, əməllə də Azərbaycanın yanında olduğunu nümayiş etdirdi.

Pakistan parlamenti, Qarabağ işğalı zamanı Ermənistanı açıq şəkildə qınayan qətnamələr qəbul etmiş, Azərbaycana istər siyasi, istər diplomatik dəstəyini əsirgəməmişdir. Laçında Pakistan nümayəndələrinin iştirakı, bu qardaşlığın simvolik yox, strateji mahiyyət daşıdığını bir daha sübut etdi.

Bu üç dövlətin Laçında bir araya gəlməsi, əslində regiona və dünyaya yönəlmiş açıq bir mesajdır:

Cənubi Qafqazda yeni reallıqlar formalaşıb.

Bu reallıqlar müharibə yox, sülh və əməkdaşlıq əsasında qurulmalıdır.

Ədalət bərqərar olanda zülm yoxa çıxır, şəhərlər yenidən doğulur.

Qardaşlıq, milli iradə və qarşılıqlı etimad olmadan heç bir regionda sabitlik mümkün deyil.

Bu gün Laçın artıq bir toponim deyil, bir ideya, bir məna daşıyıcısıdır. Laçın – zülmətdən nura çıxışın, işğaldan dirçəlişə yüksəlişin və üç qardaş dövlətin bir səhnədə, bir bayraq altında dünyaya nizamlı, sülh yönümlü mesaj verə bilməsinin real nümunəsidir.

Sakit MALİKOV

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights