ELAZ.İNFO xəbər verir ki, bu gün Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş dəhşətli terror aktından üç il ötür…
Bu qanlı hadisə təkcə bir diplomatik nümayəndəliyə deyil, bütövlükdə Azərbaycan dövlətinə, xalqımızın suverenliyinə və təhlükəsizliyinə yönəlmiş ağır cinayət idi. 27 yanvar 2023-cü il tarixində xidməti borcunu yerinə yetirərkən şəhid olan Orxan Əsgərov öz canı bahasına dövlətimizin şərəfini, bayrağımızın toxunulmazlığını qorudu. O, silahsız halda terrorun qarşısına sipər oldu və Vətənə sədaqətin, xidmətə andın nə olduğunu bütün bir millətə göstərdi.
Yaralanmalarına baxmayaraq, son ana qədər müqavimət göstərən Vasif Tağıyev və Mahir İmanov da əsl qəhrəmanlıq nümunəsi sərgilədilər. Onların iradəsi, peşəkarlığı və vətənpərvərliyi Azərbaycan dövlət qulluğunun şərəfli salnaməsinə yazıldı.
Bu faciə hər bir azərbaycanlının qəlbində dərin iz qoydu. Çünki bu hadisə bizə bir daha xatırlatdı ki, Vətən yalnız cəbhədə deyil, diplomatik missiyalarda, dövlət bayrağı dalğalanan hər nöqtədə qorunur. Bəzən səssiz xidmətlər ən ağır bedellə ödənilir.
Şəhid Orxan Əsgərovun xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq. Onun ailəsinə, doğmalarına və bütün Azərbaycan xalqına bu ağır itki münasibətilə dərin hüznlə başsağlığı veririk. Şəhidimizin qanı yerdə qalmadı, ədalət gec də olsa yerini tapdı.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Onların fədakarlığı dövlətimizin gücündə, xalqımızın birliyində və bayrağımızın ucalığında əbədi yaşayacaq.
Ruhunuz şad olsun, qəhrəmanlar…
Azərbaycan sizi unutmayacaq!
Əli İbrahimov