Azərbaycan qazı Türkiyə üzərindən hara gedəcək?

Ötən gün Azərbaycandan Suriyaya qaz tədarükünə start verilməsi sadəcə qlobal biznes məsələsi və ya SOCAR-ın fəaliyyət dairəsinin genişlənməsi deyil.

Bu, həm də o deməkdir ki, ortada Bakı və Ankaranın böyük enerji siyasəti var, Türk dünyasının geoiqtisadi birliyinin ərsəyə gətirilməsi planı var. Belə ki, bu addımın atılması ilə türk dövlətləri arasında enerji diplomatiyasının daha bir nümunəsi həyata keçir.

Azərbaycan qazı Türkiyə üzərindən hara gedəcək?

Hələbə gedəcək.

Hələb haradır, kimlərin şəhəridir?

Hələb böyük Nəsiminin uyuduğu şəhərdir. Və bu gün bu şəhərdə yaşayanların əksəriyyəti türkmanlardır.

Türkiyə Azərbaycandan təbii qazı birbaşa Kilis vasitəsilə qonşu Suriyaya nəql etməklə bu ölkədə həyatın normallaşması, sabitliyin yaranması, suriyalı qaçqınların təhlükəsiz və könüllü qayıdış prosesini sürətləndirir. Deməli, ortaya qoyulan bu baxış, bu vizyon strateji xarakter daşıyır.

Bu strateji xəttin ortaya qoyulması o deməkdir ki, Türkiyə və Azərbaycanın birgə səyləri ilə təkcə Suriya türklərinin istilik, işıq problemləri çözülmür, həm də bütün Türk dünyasının regional nizam qurmaq potensialı inkişaf edir və beləliklə, bu iki ölkə çox böyük bir coğrafiyada (Cənubi Qafqazdan Avropaya və Cənubi Qafqazdan Yaxın Şərqə – Suriyaya doğru) inkişaf və sabitliyə, təhlükəsizliyə töhfə verir.

Azərbaycan və Türkiyə “Dildə, fikirdə, işdə birlik” şüarı ilə hər sahədə əməkdaşlığı genişləndirməklə bölgədə və dünyada etimad, hüzur və rifah iqliminə zəmin hazırlayır.

Rusiya, İran, Fransa və s. kimi toksik siyasət yürüdən və hər yana dağıntı, fəlakət gətirən ölkələrdən fərqli olaraq Türkiyə və Azərbaycan üz tutduqları hər ünvana barış və həmrəylik ab-havası gətirir.

Bəybala MİRZƏYEV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights