ELAZ.İNFO xəbər verir ki,bu gün ABŞ-ın Kaliforniya Universitetinin fəxri professoru, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, dünya şöhrətli alim Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadənin) anadan olduğu gündür.
ABŞ-ın azərbaycanlı alimi, süni intellekt sahəsində müəssisəsinin ömürlük professoru seçilmiş Lütfi Zadənin 1921-ci ilin 4 fevralında Bakının Novxanı kəndində dünyaya gəlib. Bir çox xarici ölkə akademiyalarının üzvü olub. O, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif edilib. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur. Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdəndir. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36 mindən çox istinad olunub. Kaliforniyanın Berkli şəhərində “İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu” yaradılıb. 2016-cı ildə Lütfi Zadənin nəzəriyyəsi əsasında yapon alimləri tərəfindən ilk dəfə olaraq süni-intellektə malik robot hazırlanıb Alter adlı robot Tokiodakı Beynəlxalq Elm Muzeyində sərgilənib. Ona dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə vermişdir: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradır.
Professor Lütfi Zadə, yalnız elmi və fəlsəfi düşüncəyə deyil, həm də texnoloji inkişafa təsir edən və təsir göstərəcək vacib fikirləri ortaya qoyan və irəli sürən dahi bir şəxsiyyət idi. Həyatı boyu yenilik ruhu ilə yaşayan Lütfi Zadə bütün dünyada qeyri-səlis məntiqin “atası” kimi tanınır və onun inqilabi nəzəriyyəsi Aristotelin ikili məntiqinin sərhədlərini aşmışdı.O, sübut etdi ki, insan dünyanı yalnız “ağ” və “qara” rənglərdə duyub qavramır. İnsanın dünyanı görüb dərk etmə imkanları zəngin və hüdudsuzdur.
Lütfi Zadənin məntiqi dünyanı bütün çalarları ilə qavramağa imkan verir. Elə buna görə də, o, hüdudsuzluğun riyaziyyatını yaratmış, onun rəngarəngliyini açmışdır və bu nəzəriyyə iqtisadiyyat, psixologiya, dilçilik, siyasət, fəlsəfə, sosiologiya, dini məsələlər, münaqişə vəziyyətlərində geniş istifadə olunmuşdur. Mütəxəssislər, alimin məntiqi və nəzəriyyəsi ilə həqiqətən insanın həyata dair fəlsəfi baxışlarında olduğu kimi elm dünyasında da bir inqilab etdiyini düşünürlər
Həmyerlimizin fikrincə, Azərbaycan qanı ona əzm və möhkəmlik vermiş, mübahisədən qorxmamağı öyrətmişdi. Təsadüfi deyil ki, o, dəfələrlə təkrarlayaraq “bu da mənim xarakterimin bir parçasıdır” fikrini söyləyərdi.
SƏNAN Fürsətoğlu