ELAZ.İNFO xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, bu ildən etibarən Ermənistanda 3 məktəbdə 10–12-ci sinif şagirdləri üçün fars, gürcü və rus dili ilə yanaşı, Azərbaycan dili də tədris olunacaq.
Maraqlıdır ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı dönəmdə İrəvanda kəşfiyyat-diversiya məqsədilə Azərbaycan dilini öyrədən xüsusi mərkəz fəaliyyət göstərirdi. Lakin hazırda isə qonşu Ermənistanda Azərbaycan dilinin tədrisinə yanaşma dəyişib. İndi Ermənistan hakimiyyəti başa düşür ki, Azərbaycan dilinin tədrisi ilk növbədə regional əməkdaşlıq üçün vacibdir.
Rəsmi məlumatda isə deyilir ki, “bu qərar xarici və regional dillərin inkişafına dair dövlət proqramı çərçivəsində qəbul edilib. Yeni proqramın məqsədi region ölkələrinin dillərinə marağı artırmaq və şagirdlərə əlavə bilik imkanları yaratmaqdır”.
Burada bir maraqlı məqamı da qeyd edək ki, rəsmi İrəvan bu addımı hazırda Ermənistanda bir nəfər də azərbaycanlının yaşamadığı halda atır. Ancaq Gürcüstanda və İranda isə milyonlarla Azərbaycan türkü yaşadığı halda (özü də miqrant deyil, yerli xalq olduqları halda), bu ölkələrin hökumətləri, nədənsə, orta və ali məktəblərdə Azərbaycan dilinin tədrisi üçün heç bir səy göstərmirlər.
Rusiya haqqında isə, ümumiyyətlə, heç danışmağımıza dəyməz. Azərbaycanda rus dilində təhsilə hər cür şərait yaradıldığı halda, Rusiyanın təhsil ocaqlarında isə Azərbaycan dilinin tədrisi ilə bağlı Kreml indiyə qədər heç bir təşəbbüs göstərməyib.
P.S.Qonşularımızın dilimizə qarşı mövcud münasibəti həm məhəlli şovinizmdən, həm də Türk dünyasına qarşı fobiyadan qaynaqlanır.
Bəybala MİRZƏYEV
Siyasi şərhçi
