Azərbaycan Xalq Cümhuriyyətinin qurulması zamanın və mövcud şəraitin tələbi idi

Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra  çarizmin nəzarətində saxladığı ölkələrə göz gəzdirildi. Təbii ki, bolşeviklər xammal bazası olan həmin ölkələrdən əl götürmək niyyətində deyildilər. Azərbaycanda artıq bolşevik inqilabının qələbə çalmasına baxmayaraq,  yerli əhali bu quruluşu qəbul etmirdi. Ölkənin mərkəzində bolşeviklər, daşnaklar cəmlənmişdi. Onlar burada özbaşınalıqla məşğul idilər. Mart qırğınları hakimiyyəti ələ almaq üçün  əlverişli zəmin yaratmışdı.  Fəal hərəkətə keçmək məqamıydı.

Məhəmməd Əmin Rəsulzadə Azərbaycanda hakimiyyəti ələ almış bolşeviklərlə müqayisədə nəzarətlərindəki qüvvələrin  qeyri-bərabər nisbətində olduğunu  görürdü. Elə bu fərqli nisbətə görə də kömək və dəstək üçün  qardaş Osmanlı dövlətinə müraciət edilir, hərbi kömək istənilir.

Məhəmməd Əmin Rəsulzadə qeyri türklərdən ona  və ölkəsinə heç bir kömək dəyməyəcəyini yaxşı anlayırdı. Xalq arasında böyük nüfuz qazandığına görə onun yaydığı qabaqcıl ideyalar dəstəklənirdi.

Osmanlı dövlətinin Hərbi naziri Ənvər Paşa Azərbaycanı və Dağlı xalqlarını rus işğalından xilas etmək məqsədi ilə qərargah təşklil edərək, Qafqaz İslam Ordusunun yaradılmasına dair  tapşırıqlar verir. Qafqaz İslam Ordusunun komandanı  general-mayor Fəriq Nuru Paşa təyin edilir. Tezliklə Osmanlı dövlətindən belə bir dəstək alınır. General-mayor Fəriq Nuru Paşanın başçılığı altında Azərbaycanı erməni-rus birləşmələrinin təcavüzündən qurtarmaq, xilas etmək üçün gələn ordunu xalq böyük sevinclə qarşılayır.

1918-ci ilin iyun-iyul aylarında erməni-bolşevik hərbi hissələri iki istiqamətdə -Göyçay-Ərəş-Nuxa və Kürdəmir-Yevlax-Gəncə istiqamətlərində hərəkətə keçirlər. Yevlağa doğru irəliləyən bolşevik-daşnak qoşunları burada yerli əhalidən təşkil olunmuş könüllülərlə bərabər, türk ordusunun güclü müqaviməti ilə üzləşdi. Yeri gəlmişkən qeyd edək ki, bu könüllülərin təşkil edilməsində,  silahlanmasında Qaramanlı Qamboy ağanın, Qarxunlu Əşrəf bəyin, Bərdəli Sarıtel Aslanın  böyük əməyi vardı. Bu vətənpərvərlər özlərinin  şəxsi pullarının hesabına,  könüllülərdən ibarət dəstələr yaratdılar və türk qoşunlarının tərkibində, böyük ruh yüksəkliyi ilə  düşmən üzərinə hücuma keçdilər. Düşmən tərəfi böyük tələfat verərək, geri çəkilmək məcburiyyətində qaldı.

Osmanlı Dövlətinin Hərbi Naziri Ənvər Paşanın Bakının xilası ilə bağlı 1918-ci ilin sentyabr ayının 16-da Şərq Ordular Qrupunun komandanı Xəlil Paşaya göndərdiyi təbrik teleqramında deyirdi:

“-Bakıdakı uğurlarınıza görə sizin gözlərinizdən öpür və təbrik edirəm. Bakının xilasından sonra Azərbaycanda hələlik bir diviziya saxlayaraq,  qalan qoşunları doqquzuncu ordunun sərəncamına vermək istəyirəm.

Nuru Paşaya Dərbənd, Petrovsk şəhərlərinin ələ keçirilməsi üçün Şimali Qafqaza bir alay, iki batareya və bir pulemyot dəstəsindən ibarət qoşun göndərməyi tapşırdım. Digər tərəfdən, Ənzəli və Rəşt şəhərlərinin işğalı üçün qoşunların cənuba göndərilməsinə sərəncam verdim və Təbriz-Qəzvin istiqamətində irəliləyən qoşun dəstəsinin Kiçik xana yardım etməsini və bu məsələ ilə əlaqədar sizinlə görüşməsini tövsiyyə etdim. Tapşırıqların qısa bir vaxtda  yerinə yetirilməsini rica edirəm.

Nuru Paşa öz qüvvələrini toplayaraq, bolşeviklərin irəliləməsinin qarşısını almaqla kifayətlənməlidir”.

Beləliklə, Nuru Paşanın rəhbərliyi altında Türk Ordu Birləşməsi öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirərək, Azərbaycanı işğalçı qüvvələrin qoşunlarından təmizlədi.

Osmanlı ordusunun Azərbaycanı tez biz zamanda xarici imperialistlərdən  təmizlənməsinin gedişatında bir sıra vacib amillər mövcud idi. Bu da ondan ibarət idi ki, əvvəla yerli azərbaycanlı könüllü döyüşçülər də vahid, nizamlı türk ordusuyla birləşmişdilər və yekdil olaraq  düşmənə qarşı savaşırdılar. Digər tərəfdən, yerli əhali köməyə gələn türk ordusunu hərarətlə qarşılamaqla yanaşı, onları zəruri ərzaqlarla da təmin edirdi. Bu kimi faktorlar çoxminlik rus-erməni birləşmələrinin geriləməsində vacib rol oynadı. Qüvvələrin birləşməsindən ehtiyatlanan rus-erməni ordusu geri çəkilərək qaçdı.

Qeyri-bərabər qüvvələr qarşısında  uduzacağını müəyyənləşdirən bolşeviklər Almaniyadan türklərə təsir göstərməsini istədilər. Almanlarla türk qoşunlarının Azərbaycandan geri çəkilməsi ilə  bağlı danışıqlar aparıldı. Bolşeviklərlə gizli iş birliyinə girən almanlar bolşeviklərin vasitəsi ilə Bakı neftinə nəzarəti öz əllərində saxlamaq niyyətinə müsbət cabvab aldılar. Almaniya özünün müttəfiqi olan Osmanlı Dövlətinə xəyanət edərək, Brest-Litovsk müqaviləsinə yeni maddə əalvə etdi. Yeni müqavilədə göstərilirdi ki, Bakı nefti bolşeviklərin nəzarəti altına keçməlidir. Əcnəbi işğalçıların gizli danışıqlarından xəbər tutan yerli əhali arasında ixtişaşlar başlandı. Müqaviləyə qarşı etirazını bildirən Tələt Paşanın almanlara göndərdiyi etiraz notasında bu, xəyanət kimi qiymətləndirilirdi. Osmanlı qoşunlarının hərbi hissələri vaxt itirmədən Gürcüstana doğru hərəkət etdi. Artıq bu zaman Almaniya və Gürcüstan hərbi birləşmələri Azərbaycana doğru irəliləməkdə idilər. Sərhəddə onları dayanmağa məcbur edən səbəb vardı, çünkü burada artıq türk bayrağı dalğalanırdı. 1918-ci ilin sentyabr ayında Azərbaycanın hərbi dəstələri Qafqaz İslam Ordusu ilə birlikdə Bakını düşmən caynağından xilas etdilər. Hürriyyətinə qovuşan mavi Xəzərin sahilində müstəqil Azərbaycan Cümhuriyyətinin üç rəngli bayrağı dalğalanırdı.

 

İlahə BAYINDIR

Tarixçi-tədqiqatçı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir