Ayda və Marsda qızıl uğrunda müharibələr gedəcək

Ayda və Marsda zəngin qızıl və digər qiymətli metal ehtiyatının olduğu təsdiq edilib. ABŞ onlara sahib olmaqda düşdüyü ağır maliyyə vəziyyətindən çıxmaq yolunu görür. İlon Mask Marsa pilotsuz və pilotlu uçuşlar təşkil etmək uğrunda uzun illərdir işləyir. Kosmik uçuşları qismən ucuzlaşdırmaq, həmçinin daha çox yük gətirmək üçün kosmik gəmi hazırda mövcud olanlardan çox böyük olmalıdır. Bu məqsədlə SpiceX superağır Starship kosmik raketi hazırlamışdı. Starship-in 9 sınaq uçuşu uğursuz alındı. Bu ayın əvvəlində 10-cu sınaq uçuşu, nəhayət ki, uğurlu alındı. Hələ bir neçə sınaq da aparılmalıdır…

Artıq ABŞ-da kosmik resursların mənimsənilməsinin hüquqi prosedurları da yaradılır. ABŞ elan edib ki, Ayda və Marsda quracaqları stansiya ətrafındakı ərazilər ABŞ-ın müstəsna mülkiyyətində olacaqlar. Hərçənd bu mövcud beynəlxalq qanunvericiliyə ziddir.

ABŞ-ın kosmik resursların mənimsənilməsi üzrə layihəsi “Artemida” adlanır. Layihə həddən böyük investisiya tələb etdiyindən ABŞ ona Qlobal Cənubu və Hindistanı da cəlb etmək istəyirdi. Hindistan layihəyə maraq göstərsə də konkret mövqeyini bildirməkdə tələsmir. ABŞ Rusiyaya da bu layihəyə qoşulmağı təklif etmişdi. Rusiya isə Qərblə əvvəlki müştərək layihələrin aqibətini nəzərə alaraq, alternativ kosmik layihə üzərində işləməyi üstün tutdu.

Rusiya və Çin “Artemida”ya alternativ Beynəlxalq Ay Tədqiqat Stansiyası (ILRS) layihəni inkişaf etdirir. Hər ikisinin “Ay proqramı” var. Rusiya Ayda AES tikməyi planlaşdırır. Qazaxıstan artıq bu layihəyə qoşulub. ŞƏT Sammitində Hindistanın da ona qoşulacağı gözlənilirdi. Sammitdə ILRS Qlobal Cənub və Şərq üçün açıq elan edildi. ŞƏT-in yekun bəyannaməsində də kosmik əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi haqda müddəalar yer aldı.

Faktiki olaraq, hazırda Ay və Marsın ehtiyatlarına sahib olmaq uğrunda kosmik güclər arasında ciddi rəqabət (yarış) başlayıb. Deyəsən, 20 il sonra qızıl uğrunda müharibələr Ayda və Marsda da gedəcək.

Asif ŞƏFƏQQƏTOV

Bizimlə oxuyun
Verified by MonsterInsights