ELAZ.İNFO xəbər verir ki, Rusiya Dövlət Dumasının Beynəlxalq İşlər Komitəsinin rəhbəri və LDPR lideri Leonid Slutski Avropanın Kiyev rejiminə dəstək imkanlarının tükəndiyini bəyan edib. O, Almaniyanın müdafiə naziri Boris Pistoriusun Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərinin ötürülməsini dayandırmaq barədə qərarını şərh edərkən bu fikirləri səsləndirib.
Slutski öz “Telegram” kanalında qeyd edib ki, Almaniya münaqişə boyu Ukraynanın əsas hərbi donoru olduğu üçün bu bəyanat sadəcə texniki xarakter daşımır və dəstək imkanlarının daraldığının göstəricisidir. O, həmçinin Fransanın Avropa hesabına Ukrayna üçün “Storm Shadow” raketlərinin alınmasına qarşı çıxmasını da bu prosesin bir hissəsi kimi qiymətləndirib.
Deputatın fikrincə, Avropa ölkələri Ukraynanı silahlandırmaqla öz müdafiə sistemlərində boşluqlar yarandığını etiraf etməyə başlayıblar. Slutski əlavə edib ki, Volodimir Zelenskinin Davos forumundakı çıxışı zamanı avropalı sponsorlarına qarşı sərt tonu da bu dəstəyin zəifləməsinə təsir göstərən amillərdən biridir.
Ruslan MƏMMƏDOV