Tarixçilər nədənsə 1914-1918-ci müharibəsini I Dünya Müharibəsi (DM) adlandırırlar. Dünya Müharibəsi dünyanın bölüşdürülməsi uğrunda aparılan müharibədir. Bu baxımdan Napoleon müharibələri (1803-1815) də Dünya Müharibəsi idi.
O vaxt dünya bir neçə imperiya arasında bölüşdürülmüşdü: Britaniya, Fransa, İspaniya, Belçika, Avstriya-Macarıstan, Rusiya və Osmanlı. İran, Moğol, Çin və digər imperiyaları nəzərə almıram, çünki onlar qlobal təsirə malik deyildilər – başqa qitələrdə müstəmləkələri yox idi. Bu baxımdan Rusiya imperiyasını da regional imperiya adlandırmaq olar.
Napoleon da Hitler kimi əvvəl bütün kontinental Avropanı işğal etdi, hətta Afrikanın şimalını və Yaxın Şərqi ələ keçirtdi, Müharibə aparmağa pul əldə etmək üçün Amerikadakı nəhəng müstəmləkəsini (Luiziananı) ABŞ-a satdı və Avropanın birləşmiş qüvvələri ilə Rusiyaya hücum etdi. Moskvayadək əraziləri tutdu, lakin biabırçılıqla geri qaçdı. Rusiyaya 610 minlik qoşunla daxil oldu, geriyə 23 min fransız, 60 min müttəfiq qoşunları ilə qayıda bildi.
Napoleon müharibələri ABŞ-ın güclənməsinə səbəb oldu. Müharibələrə başı qarışan və pula böyük ehtiyacı olan Fransa, İspaniya və Britaniya Amerikada xeyli ərazi itirdilər, Amerikadakı müstəmləkələrini saxlamaq üçün qoşun göndərə bilməyəcəklərini başa düşərək onları gənc yırtıcı ABŞ-a satdılar. Müasir ABŞ ərazisi əsasən bu dövrdə formalaşdı (Alyaskanı çıxmaqla):
Güclənmiş ABŞ 1823-cü ildə müharibələrdən zəifləmiş Avropaya öz şərtlərini diqtə etdi: qərb yarımkürəsindən gözünüzü çəkin – bura mənimdir, müstəmləkə davalarını başqa qitələrdə aparın (Monro doktrinası).
Napoleon müharibələri Avropa xalqlarının, xüsusən də fransızların genefonduna və iqtisadiyyatına ağır zərbə vurdu. ABŞ-dan sonra Britaniya həm qalib kimi, həm də müharibədə az itki verən tərəf kimi bu müharibələrdən ən çox qazanan tərəf oldu – Napoleonun əldə etdiyi müstəmləkələrin çoxu onun təsiri altına keçdi. Rusiya və Prussiya da qazanan tərəflər oldular, lakin müharibələr onların ərazilərində getdiyindən zərər də çox görmüşdülər. Prussiya bu müharibələrdə dəyişkən mövqedə olmuşdu. Əvvəl antifransız koalisiyasında 1806-cı ildə Napoleona ağır məğlub oldu (Tilzit sülhü) və onun asılılığına keçdi. Lakin 1813-cü ildə Rusiya tərəfinə keçdi və Leypsiqdə Napoleon qoşunlarının darmadağın edilməsuində həlledici rol oynadı.
Prussiyanın qaliblər cərgəsində olması onun müharibədən qazancla çıxmasına səbəb oldu. Napoleonun əsas müttəfiqi olan Polşa Rusiya (böyük hissəsi) və Prussiya (Böyük Poznan knyazlığı) arasında bölüşdürüldü. Fransanın zəifləməsi Almaniyanın dirçəlməsinə səbəb oldu. 1871-ci ildə Bismarkın sayəsində alman qraflıqları Prussiyanın rəhbərliyi altında vahid Almaniya dövlətində birləşdilər. Bundan sonra Almaniyanın sürətli inkişafı başladı.
XIX əsrin sonu – XX əsrin əvvəlində Almaniya çox sürətlə inkişaf edirdi. Belə sürətli inkişafı təmin etmək üçün Almaniyaya xammal və istehlak bazarları – müstəmləkələr tələb olunurdu. Almaniyanın isə müstəmləkələri yox səviyyəsində idi. Bütün müstəmləkələr, əsasən, Britaniya, Fransa və İspaniya arasında bölüşdürülmüşdü. Almaniyanın müstəmləkə əldə etməsi hansısa başqa dövlətin onu itirməsi demək idi. Belə getsə idi, Almaniya Britaniyanı dünya bölgüsündə sıxışdıracaqdı. Britaniya Almaniyanı bir rəqib kimi məhv etməli idi. Lakin artıq Britaniya başa düşürdü ki, Avropada bir imperiya çökərsə, digər imperiya dirçələ bilər. Elə etmək lazım idi ki, bütün Avropa imperiyaları (Almaniya, Fransa, Rusiya, Avstriya-Macarıstan və Osmanlı) dağılsınlar.
1914-cü ildə I DM başladı. Avropada müharibəyəqədərki isteriyanı və müharibənin dəhşətlərini müşahidə edən alman filosofu Osvald Şpenqler 1918-ci ildə məşhur “Avropanın qürubu” əsrinin 1-ci cildini çap etdirdi. Müharibədən sonra 1922-ci ildə əsərin 2-ci cildi çapdan çıxdı. Bu müharibə Avropaya Napoleon müharibələrindən də ağır zərbə vurmuşdu: 3 imperiya – Avstriya-Macarıstan, Rusiya və Osmanlı parçalanmış, doğulmaqda olan Almaniya imperiyası isə məhv olmuşdu. Udan Britaniya və Fransa imperiyaları olmuşdu. Onlardan da çox udan isə Avropadan kənarda yerləşən və əvvəlki kimi müharibədə, demək olar ki, iştirak etməyən ABŞ oldu.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi


