ABŞ əvvəl İrana qarşı sanksiyalar tətbiq etdi, sonra İraqı dağıtdı, daha sonra Liviyanı xaosa qərq etdi. Bu ölkələrin üçü də Avropanın əsas enerji (neft-qaz) mənbələri idilər. Nəticədə Avropanın Rusiya enerjidaşıyıcılarından asılılığı ildən ilə artmağa başladı…
2022-ci ildə isə ABŞ Avropanın Rusiya mənbəyini də kəsdi və vualya… Avropanın neft-qazı ABŞ-dan almaqdan başqa çarəsi qalmadı.
Bəs niyə əvvəl ABŞ öz neft-qazını Avropada sata bilmirdi? Çünki ABŞ başqa qitədə yerləşir, daşıma xərci böyükdür. Yəni Avropa istehlakçısına Rusiya, Şimali Afrika və Yaxın Şərq məhsuluna nəzərən baha başa gəlirdi. Xüsusilə də qaz – ABŞ qazının qiyməti boru qazına nisbətən 2-4 dəfə yüksək olur. Çünki qazı Avropaya daşımaq üçün əvvəl onu maye halına gətirmək (bunun üçün xüsusi deqazifikasiya terminalı tikmək), sonra tankerlə daşımaq, Avropa sahilində yenidən qaz halına gətirmək (bunun üçün də xüsusi reqazifikasiya terminalı tikmək) və nəhayət boru kəmərlərinə ötürmək lazımdır.
Ucuz qaz mənbələri varsa, hansı ölkə bu qədər investisiya qoyub, bahalı qaz alar? Heç bir ölkə. Deməli, onları məcbur etmək lazımdır ki, həmin qazı alsınlar.
ABŞ bunu bacardı.
Bəs bahalı neft-qaz nə deməkdir? O deməkdir ki, enerji qiymətləri qalxacaq. Nəticədə bütün sənaye, xüsusən də yüksək enerji tutumlu metallurgiya, kimya, şüşə, keramika, sellüloz, maşınqayırma və s. sahələrində məhsulun maya dəyəri artacaq. Təbii ki, bu da qiymətlərin artmasına səbəb olacaq. Deməli, Avropa məhsulları beynəlxalq bazarlarda rəqabət qabiliyyətini itirəcək, ölkələrində inflyasiya (qiymətlərin qalxması nəticəsində) və işsizlik yüksələcək (məhsul satılmırsa, istehsalatda ixtisarlar getməlidir).
Bütün bunları indi Avropa yaşayır. Növbəti illərdə daha da pis olacaq. Çünki Avropada ölkəsini düşünən lider yoxdur – 1-2 ölkə istisna olmaqla.
Bəs ABŞ niyə belə edir? Axı Avropanın çöküşü ona da ziyandır.
Cavab sadədir: Su meymunun boğazına çatanda balasını ayağının altına qoyar.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi
