Keçən ildən Avropa liderləri Ukraynaya leqal hərbi contingent göndərmək barədə xəbərdarlıq edirlər. Bu ilin mart ayından isə Avropa ölkələrinin hərbi koalisiya qüvvələrini göndərmək üçün Avropa (+Kanada) liderləri, xarici işlər nazirləri, müdafiə nazirləri səviyyələrində ona yaxın görüşlər keçiriblər. Təşəbbüskar kimi özünü Aİ-nin lideri hesab edən Makron çıxış edir.
Bu ilin aprelində guya Fransa, Britaniya, Almaniya və Polşa Ukraynaya hərbi contingent göndərməyə hazır idilər, digər ölkələr isə canlı qüvvə göndərmək istəməsələr də digər texniki yardımlar edəcəklərini bildirmişdilər. Xatırladırm ki, bu liderlər qoşunlarını müharibəyə göndərmək istəmirlər, onlar gözləyirlər ki, Rusiya ilə Ukrayna arasında atəşkəs olacaq və qoşunlar atəşkəs rejiminə nəzarət etmək üçün göndəriləcək.
Məlumat üçün deyim ki, hərbçilərin rotasiyasını da nəzərə almaqla 1200 km-dən uzun olan təmas xəttinə nəzarət etmək üçün 300 minə yaxın hərbi contingent tələb olunur. Yuxarıda qeyd etdiyim 4 ölkə isə 60 minlik qoşun göndərə biləcəyini vəd etmişdi.
Rusiya ötən ildən dəfələrlə bəyan edib ki, onunla razılaşdırılmadan Ukrayna ərazisinə daxil olan istənilən ölkənin hərbçiləri onun üçün legitim hədəf olacaq.
Bu hadisənin üstündən 2 ay da keçdi… Starmer dedi ki, bizim Ukraynaya qoşun göndərmək fikrimiz yoxdur. Eynisini Polşa və Almaniya da dedi. Almaniya 3 ildir Litvaya 5 min nəfər hərbçi tapıb göndərə bilmir, 2027-ci ilədək tam komplektləşdirəcəyini vəd edir. Litvada müharibə yoxdur, ora adam göndərə bilmir, Ukraynaya kimi göndərəcək?!
Ortada Makron yalnız qalıb. O da gah deyir göndərirəm, gah deyir göndərmirəm. Bu bədbəxt Afrikadakı müstəmləkələrini yerli qəbilələrdən qoruya bilmir, Rusiyaya qarşı Ukraynaya kimi göndərəcək?! Bütün Avropa liderlərindən tələb edir ki, Ukraynaya qoşun göndərilməsində iştirak etsinlər.
Makronun “napoleonluğundan” boğaza yığılmış İtaliya baş nazirinin müavini Matteo Salvini 23 avqustda Kiyevə dəstək üçün italyan hərbçilərinin göndərilməsi təklifinə cavab olaraq Makronu sərt tənqid etdi:
-“İtalyan əsgərləri Ukraynada? Qətiyyən yox. Emmanuel Makron bunu istəyirsə, özü getsin. Geyin dəbilqəni, götür avtomatı və özün get Ukraynaya!”
Salvini birinci dəfə deyil ki, ümumən Avropanın militarizasiyasına, xüsusən də Makronun “uzaqgörən” siyasətinə qarşı açıq və kəskin çıxış edir.
Buna cavab olaraq Fransa XIN-i İtaliya səfiri Emanuela Alessandronu izahat üçün çağırdı və Salvininin bəyanatlarını qəbuledilməz, ölkələr arasında etimad münasibətlərinə xələl gətirən adlandırdı.
Salvini bundan sonra da dilini dinc saxlamadı. 24 avqustda o bildirdi:
-“Makron populyarlığının tarixi minimumundadır. Son məlumatlara görə, fransızların 80%-i səbirsizliklə onun getməsini gözləyir.”
O, Fransa liderini “tezinciyən” adlandıraraq, Avropa qoşunlarının Ukrayna ərazisinə göndərilməsi ideyasını yenidən tənqid etdi:
-“Kimsə oğlunu Ukraynaya ölümə göndərməyə hazırdırmı? Mən, sadəcə, dedim: mən uşaqlarımızı Ukraynaya döyüşə göndərməyin əleyhinəyəm. Makron aylardır müharibədən, nüvə çətirindən, raketlərdən və Avropa ordusundan danışır. Əgər bunu istəyirsənsə – özün get!”
Avropa İttifaqı ölüb, basdıranı yoxdur…
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi