İran-İsrail-ABŞ arasında gedən bu müharibədə atəşkəs olmayacaq. Bunu cərəyan edən hadisələrin axarı göstərir.
21 martdan başlayan, 4 dəfə vaxtı uzadılan və İranı “daş dövrünə qaytarmağı”, “cəhənnəmə döndərməyi” vəd edən Tramp ultimatumu dünəndən Ağ Ev tərəfindən kulminasiya həddinədək qaldırılmışdı. Hollivud filmlərindəki kimi, son anda (bizim “filmdə” ultimatumun müddətinə 1,5 saat qalmış) filmin qəhrəmanı (əlbəttə, Tramp) bombanın fitilini kəsdi və planetimizi fəlakətdən qurtardı. Gecə qəhrəman aşağıdakı “qələbə raportunu” yazdı:
-“Baş nazir Şahbaz Şərif və Pakistanın feldmarşalı Asim Munir ilə söhbətlərimə əsasən, onlar bu axşam İrana göndərilən dağıdıcı qüvvəni göndərməkdən çəkinməyimi xahiş etdilər və İran İslam Respublikasının Hörmüz boğazının tam, dərhal və təhlükəsiz açılmasına razılıq verməsi şərti ilə iki həftə müddətində İrana qarşı bombardmanı və hücumları dayandırmağa razıyam. Bu ikitərəfli atəşkəs olacaq! Bu qərarın səbəbi artıq bütün hərbi məqsədlərə çatdığımız və onları aşmağımız, İranla uzunmüddətli sülh və Yaxın Şərqdə Sülh üçün yekun razılaşmanın hazırlanmasında çox irəliləməyimizdir. Biz İrandan 10 bəndlik təklif aldıq və onu danışıqlar üçün məqbul əsas hesab edirik. Əvvəlki məqamlarla bağlı, demək olar ki, bütün fikir ayrılıqları artıq ABŞ və İran arasında həll edilib, lakin iki həftə razılaşmanın yekunlaşdırılmasına və bağlanmasına imkan verəcək. Amerika Birləşmiş Ştatları adından, Prezident olaraq və həmçinin Yaxın Şərq ölkələrini təmsil edən şəxs olaraq, uzun müddətdir davam edən bu məsələnin həll yolunda olduğunu görməkdən böyük şərəf duyuram. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm!
Prezident DONALD J TRAMP”
İranın Trampın “danışıqlar üçün məqbul əsas hesab etdiyi” 10 bəndlik təklifi isə bunlardır:
Təzavüz etməyəcəyinə dair ABŞ tərəfindən zəmanət verilməsi;
Hörmüz boğazı üzərində İranın nəzarətinin saxlanması;
Omanın nəzarəti ilə Hörmüzdən idarə olunan keçidin və tranzit haqqının tətbiq edilməsi;
İranın uranı zənginləşdirmək hüququnun tanınması;
ABŞ-ın bütün ilkin və ikinci dərəcəli sanksiyalarının ləğvi;
BMT Təhlükəsizlik Şurasının İrana qarşı bütün qətnamələrinin ləğvi;
BAEA İdarə Heyətinin İrana qarşı bütün qərarlarının ləğvi;
İrana dəyən ziyana görə ABŞ tərəfindən təzminatın ödənilməsi;
ABŞ hərbi qüvvələrinin regiondan çıxarılması;
Livan da daxil olmaqla bütün cəbhələrdə müharibəyə son qoyulması.
Bu bəndlərin hətta yarısının qəbul edilməsi ABŞ-ın tam və qeyd-şərtsiz təslim olması, ABŞ-ın 1960-cı illərin əvvəllərindən başlayaraq təxminən 60 ildir “bəslədiyi” regionu tamamilə itirilməsi deməkdir.
Əlbəttə, ABŞ bu şərtləri qəbul etməyəcək. Lakin Tramp onsuz da öz ultimatumunu dayandıracaqdı – bunun üçün ona bəhanə lazım idi, İran isə ona başqa şans vermədi.
Atəşkəs olmayacaq…
Asif ŞƏFƏQQƏTOV