“Atalanta”dan möhtəşəm geri dönüş: “Borussiya” Çempionlar Liqasından kənarlaşdırıldı

Futbol üzrə Çempionlar Liqasının pley-off mərhələsində əsl dram yaşanıb. İlk görüşdəki məğlubiyyətə baxmayaraq, İtaliyanın “Atalanta” klubu öz meydanında Almaniya nəhəngi “Borussiya”nı darmadağın edərək adını növbəti mərhələyə yazdırıb.

ELAZ.İNFO xəbər verir ki, Berqamoda baş tutan cavab qarşılaşması meydan sahiblərinin tam üstünlüyü ilə keçib. İlk oyunda Dortmundda 2:0 hesabı ilə uduzan italiyalılar, öz azarkeşləri önündə 4:1 hesablı parlaq qələbə qazanaraq ümumi hesabda üstünlük əldə ediblər.

“Atalanta”nın qollarını Canluka Skamakka (5-ci dəqiqə), Davide Dzappakosta (45), Mario Paşaliç (57) və oyunun son saniyələrində penaltidən Lazar Samardjiç (90+8) rəqib qapısından keçirib. “Borussiya”nın yeganə təsəlli qoluna isə 75-ci dəqiqədə Karim Adeyemi imza atıb. Qeyd edək ki, almanların müdafiəçisi Rami Bensebaini oyunun sonlarında qırmızı vərəqə alaraq meydandan qovulub.

Mütəxəssislər “Atalanta”nın bu qələbəsini komandanın yüksək taktiki hazırlığı və sarsılmaz iradəsi ilə əlaqələndirirlər. İndi Berqamo təmsilçisi 1/8 finaldakı rəqibini gözləyir. Xatırladaq ki, bu mövsüm Çempionlar Liqasının finalı mayın 30-da Budapeştdə keçiriləcək.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights